Ağcabədi rayonunda yerləşən 4 saylı uşaq bağçasında səhlənkarlığın hökm sürdüyünü əks etdirən görüntülər yayılıb.
Belə ki, azyaşlı bağça binasının eyvanına çıxaraq ağlamağa başlayıb. Yanında isə heç bir müəllim və tərbiyəçi yoxdur.
Təhsil eksperti Kamran Əsədov “Sherg.az"a bildirib ki, təhsil müəssisəsində müəllim uşaqların psixi və somatik sağlamlığına təsir göstərən əsas fiqurlardan biri, bəlkə də birincisidir:
“Təhsildə sağlam mühitin yaradılmasında müəllimin həm dərs zamanı, həm də dərsdən əlavə fəaliyyət zamanı şagirdləri ilə konstruktiv qarşılıqlı əlaqələr qurmaq bacarığı əsas rol oynayır. Son iki il ərzində dövlət uşaq baxçalarında tərbiyəçilər tərəfindən edilən psixoloji zorakılıq faktlarının müxtəlif formalarına rast gəlinir. Şagirdə hədsiz tələblər qoymaq, yaşa uyğun olmayan münasibət göstərmək, şagirdi təhqir etmək və ləyaqətini alçaltmaq, açıq-aşkar mənfi münasibət göstərmək, şagirdin varlığını və dəyərini qəbul etməmək, şəxsin faydasız olduğunu sözlə bildirmək, onun duyğularını və düşüncələrini dəyərsiz saymaq, ələ salmaq, ad qoymaq, təqlid edərək ələ salmaq kimi insanın şəxsiyyətini, etibarını və dəyərini ləkələyəcək davranışlara yol vermək, qorxu yaratmaq kimi xoşagəlməz tendensiyalar daha da çoxalıb. Vacib bir məqamı deyim ki, baxçalarda tərbiyəçilərin uşağa qarşı etdiyi kinayə, istehza, rişxənd, şəxsiyyətin alçaldılması kimi psixoloji zorakılıq azyaşlıların səhhətində funksional dəyişikliklərə və gələcəkdə onların məktəbdən uzaqlaşmasına səbəb olur. Çoxsaylı alimlərin araşdırmaları göstərib ki, baxçalarda tərbiyəçilərin uşaqlara zorakılıq hərəkətlərinə məruz qalan azyaşlılar bacarıqlarını daha az göstərirlər və onların sosial səriştəliliyi aşağı olur. Belə zorakılıq uşaqlarda çoxlu problemlər yaradır: aqressiya, natamamlıq kompleksi, qeyri-qənaətbəxş olma hissi, stress və digər xoşagəlməz halların ortaya çıxması ilə nəticələnir. Bağçalarda tərbiyəçilər tərəfindən psixoloji zorakılığa məruz qalan azyaşlıların bu vəziyyəti yaxınları ilə bölüşməməsi və ya həyatın reallığı kimi qəbul etməsi bu məsələ ilə bağlı problemlərin mühüm bir hissəsini təşkil edir. Psixoloji zorakılıq nəticəsində zorakılığa məruz qalan uşaq özünə qapanır və depressiyaya meyillilik artır. Psixoloji zorakılıq edən baxça tərbiyəçiləri çox vaxt problemə məhəl qoymur və belə hesab edir ki, uşağa fiziki zorakılıq psixoloji zorakılıqdan daha çox zərər vurur. Faktlar onu göstərir ki, tez-tez təkrarlanan psixoloji zorakılıq formaları yetkinlik yaşına çatmayan şəxsin psixikasını tədricən zəiflədir. Baxçalarda tərbiyəçi müəllim tərəfindən edilən psixoloji zorakılıq faktlarının azaldılması üçün məktəbdə psixoloji işin düzgün təşkil olunması və psixoloqun müəllimlərlə işləməsi vacibdir. Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 32-ci maddəsinə əsasən, təhsilalanlara “sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq” və “insan ləyaqətini və şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq” hüququ verilir. Amma elə təhsil müəssisələrinin özü tərəfindən bu hüquq açı və kobud şəkildə pozulur".
Ekspert qeyd edib ki, heç bir halda uşaq baxçalarında tərbiyə və təhsil alan azyaşlılara qarşı fiziki cəza növünün tətbiq edilməsi qanunvericilikdə müəyyən olunmayıb:
"Qanunvericilikdə nəzərdə tutulur ki, müəssisə rəhbərliyi, müəllim şagirdə qarşı cəza kimi yalnız qiymətini kəsə, töhmət və yaxud xəbərdarlıq edə bilər. Sonda isə tərbiyəçinin yerinin dəyişdirilməsi kimi prosedur qaydalarından istifadə edə bilər. Ümumilikdə isə, hazırda 1693 uşaq baxçasında 123 min uşaq tərbiyə prosesinə cəlb olunub ki, onlarla 18 minə yaxın tərbiyəçi məşğul olur. Heç bir tərbiyəçiyə icazə verilməyib ki, hər hansı bir azyaşlıya əl qaldırsın. Nəinki onlara əl qaldırmaq, hətta onlara səs yüksəltmək hüququna da malik deyillər. Bununla bağlı 2014-cü ildə qəbul edilmiş müəllimlərin etik qaydalarında da konkret olaraq qəbul olunub ki, təhsil verənlər, təhsil alanlara qarşı nalayiq hərəkətlərə, ifadələrə yol verməməlidir. Bunu pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinin, sonda isə əgər bu ciddi fiziki xəsarətlə nəticələnirsə, Cinayət Məcəlləsinin maddələri tətbiq oluna bilər. Hazırki vəziyyət də bundan ibarətdir. Təəssüf ki, bu cür əməllər kamera görüntüsü ilə ictimailəşəndən sonra hər hansı tədbir görülür”.