Azərbaycanda 80-ə yaxın vətəndaşın kartındakı vəsaitləri ələ keçirənlər tutulublar.
"Sherg.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində internet üzərindən vətəndaşların pul vəsaitlərini ələ keçirən Əhməd Məmmədov və Etibar Vəliyev saxlanılıblar. Həmin şəxslərin ətrafında aparılan tədbirlərlə məlum olub ki, onlar vətəndaşların kart məlumatlarını ələ keçirmək məqsədilə müxtəlif markalı avtomobillərin şəkillərini və məlumatlarını özlərinə məxsus nəqliyyat vasitəsi kimi təqdim edərək, həmin nəqliyyat vasitələrinin dəyərindən qat-qat ucuz qiymətə satılması barədə elan saytlarında məlumatlar yerləşdiriblər. Daha sonra isə onlara zəng edən müştərilərlə satış qiyməti barədə razılığa gələrək alıcıların kart məlumatlarını əldə ediblər. Həmin şəxslərin pul vəsaitlərini "Card-to-card" əməliyyat sistemi ilə hesablarına köçürüblər. Araşdırmalar zamanı saxlanılan şəxslərin 80-ə yaxın vətəndaşa maddi ziyan vurduqları məlum olub. Faktlarla bağlı Baş İdarədə cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əhməd Məmmədov və Etibar Vəliyevin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Məsələni dəyərləndirən Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov isə “Sherg.az”a açıqlamasında deyib ki, artıq onlayn satış dövrüdür:
''Bir çox şəxslər beynəlxalq və yerli platformalar vasitəsi ilə alış-veriş edirlər. Yəni, bu təbii stiuasiyadır. Ancaq insanlar hər hansı elandakı məhsulu almaq istədikdə ödəmə vasitələrinə xüsusi diqqət etməlidirlər. Sözügedən anoloji hadisədən göründüyü kimi, insanlar çox asan aldanıblar. Belə ki,qarşı tərəfə bank kartının bütün məlumatlarını ötürüblər. Bununla dələduzlar "cart-to-cart" əməliyyatı vasitəsi ilə pulu mənimsəyiblər. Hər zaman vətəndaşlara xəbərdarlıq olunur ki, şəxsi bank məlumatlarını heç kəsə bildirməyin. Həmçinin, hansısa ödəniş etdikdə telefona gələn OTP kodunu göndərmək qəti şəkildə olmaz. Aldadılanlar kart məlumatlarındakı 16 rəqəmdən savayı, ödəniş üçün məlumatları da söyləyiblər. Bu, ölkədəki rəqəmsal səriştəliyin səviyyəsinin zəif olduğunu bir daha sübut edir. Özəlliklə rayonda yaşayanlar daha çox aldadılır. Maraqlısı odur ki, bu qədər xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar çox rahatlıqla tələyə düşürlər. Ona görə də bu kimi stiuasiyalarla qarşılaşmamaq üçün kartınızın nömrəsini ikinci tərəfə deməyin".