Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adaları qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda birinci qurultayı keçirilir.
Qurultay iki gün davam edəcək.
Qurultayda çıxış edən Qvadelupanın Azadlığı Uğrunda Xalq Birliyinin sədri Jan Jacob Bisep bildirib ki, Fransa müstəmləkə şəraitində yaşayan xalqlara qarşı cinayətlərin törədildiyi bir dövlətdir. O deyib ki, bu cinayətlərə son qoyulması üçün dünya miqyasında hər kəs səfərbər olmalıdır: "Bakı Təşəbbüs Qrupu müstəmləkə şəraitində yaşayan xalqların azadlığı uğrunda yaranan təşkilatdır. Fransanın Koloniyalarının azadlığı uğrunda birinci konfrans 1986, ikincisi 1995-ci ildə keçirilib. Bizim azadlıq istiqamətində aydın məqsədlərimiz var. Bu konfrans həmçinin bizə imkan verəcək ki, azadlığa daha da yaxın olaq. Fransanın keçmiş koloniyalarının siyasi təşkilatları diqqəti adı çəkilən ölkənin bizə vurduğu ziyana diqqəti çəkməyə çalışır. Fransa koloniyalara qarşı cinayətlərin törədildiyi bir dövlətdir. Bu hərəkat bizi birləşdirir və bizim bir araya gəlməyimizdə böyük əhəmiyyətə malikdir. Beynəlxalq cəmiyyət bizim xalqların, daha doğrusu müstəmləkə şəraitində yaşayan xalqların çəkdiyi əzabları dərk etməlidir. Biz bu çətin yolda həmrəyliyi gücləndirərək, iradəmizi ortaya qoyaraq mübarizəmizi davam etdirəcəyik".
Yeni Kaledoniyanın xarici işlər naziri Mikael Forest isə bildirib ki, mövcud qurultay vasitəsilə müzakirələr aparıb problemlərə həll yolu tapmaq mümkündür. O əlavə edib ki, Fransada yoxsulluqla yanaşı, miqrantlarla bağlı, eləcə də daxili siyasətində ciddi problemlər var: “Biz bu problemlərin həllini yalnız qurultay vasitəsilə müzakirələr aparmaqla tapa bilərik. Bakı Təşəbbüs Qrupu bizə belə bir fürsət verib. Bu fürsəti son dərəcə yaxşı və faydalı dəyərləndirməliyik. Əsas siyasi ambisiyalarımız reallaşmalıdır. Yeni dünya düzəninin qurulmasına öz töhfəmizi verib, bu dünyada öz yerimizi tapmalıyıq. Bizim Fransadan tam şəkildə suveren olmaq hüququmuz var".
Sözügedən qurultayı “Sherg.az”a dəyərləndirən politoloq Turan Rzayev bildirib ki, görüşün keçirilməsi ideyası Fransanın dənizaşırı ərazilərinin müstəqillik uğrunda mübarizə aparan siyasi partiya və hərəkatlarına məxsusdur:
“Rəsmi Bakı sadəcə ev sahibliyi edir və platforma tanıyır. Ümumiyyətlə artıq bu və bu kimi təşəbbüslər Bakıda mütəmadi həyata keçirilir. Azərbaycan hər zaman ölkələrin beynəlxaq hüquqla tanınan ərazilərinə hörmətlə yanaşıb. Lakin bununla belə xalqların öz müqəddəratını təyinetmə prinsipini də dəstəkləyir. Başda Korsika olmaqla, Melaneziya, Polineziya, Karib və Antil adaları fransız müstəmləkəçiliyin qurbanlarıdır. 21-ci əsir kaleonalizm siyasətindən əziyyət çəkən bu ərazilər bu gün öz müqəddəratını təyin etmək istəyir.
Rəsmi Paris hər vəch ilə bu ərazilərin azad qərar vermək, müstəqillik əldə etmə fəaliyyətlərinin qaşısını alıb onlara qarşı mədəni, siyasi repressiyalar edir. Onlara dəstək verən ölkələri isə separatizmə dəstəkdə ittiham edir”.
Ekspert vurğulayıb ki, Azərbaycan 30 ildən artıq separatizmdən əziyyət çəkən bir ölkə kimi heç bir halda separatçı fəaliyyəti dəstəkləməyib:
“Lakin Fransa hər zaman erməni separatizmini dəstəkləyib, himayə edib, yeri gəldikcə Azərbaycana qarşı istifadə edib. Halbuki Fransanın özündə real müstəqillik hərəkatları var və Paris bunu bilə-bilə təhlükəli siyasi oyunlara girib. Azərbaycan separatizmin kökünü kəsdi, lakin Fransa müstəmləkələri açıq şəkildə müstəqillik istəklərini dilə gətirir. Azərbaycan yalnız haqları basdırılan, pozulan, öz müqəddəratını təyin etmək istəyən xalqlara platforma tanıyır. Bakıda Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə silsilə görüşlər keçirilir. Fransa faktiki olaraq müstəmləkələrin müstəqillik arzularının qarşısını ala bilmir. Bu tədricən onların müstəqillik əldə etməsinə gətirib çıxaracaq. Yeni Kaledoniya və Korsika ilk müstəqillik əldə edən xalqlar olacaq”.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 2023-cü il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.