Məktəbəqədər təhsil müəssisələrinə ərizələrin onlayn qeydiyyatı başlayıb. Lakin valideynlərin ən çox rastlaşdığı problem sistemin qısa zamanda dolmasıdır:
Onların sözlərinə görə, müəyyən bağçalarda qeydiyyat üçün sistemin dolmasına baxmayaraq, ödəniş etməklə yerlər açılır.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili şöbəsinin müdiri İlahə Rəsulova bildirib ki, bu kimi hallarla rastlaşan valideynlər agentliyə müraciət etməlidirlər. Mövzu araşdırıldıqdan sonra qayda pozuntusu olarsa, həmin bağça rəhbərliyi cəzalandırılacaq. Xatırladaq ki, qeydiyyatdan sonra uşaqların təhsil müəssisəsinə növbəyə yazılma prosesi Regional Təhsil İdarələri və Naxçıvan Muxtar Respublikası üzrə iyulun 19-u, Bakı şəhəri üzrə isə iyulun 26-dan başlayacaq. Təhsil müəssisəsinə yeni qəbul olunmuş uşaqlar qrupların komplektləşdirilməsi prosesi başa çatdıqdan sonra sentyabrın 1-dən etibarən tədrisə başlaya bilərlər. Boş yerlərə qəbul il ərzində aparılır.
''Məktəb guşəsi'' saytının rəhbəri, təhsil eksperti Məzahir Məmmədli "Sherg.az" a açıqlamasında söyləyib ki, bağçalarda yer azlığı günümüzün ən aktual problemlərindən biridir :
''Təəssüf ki, Elm və Təhsil Nazirliyi qəbul sistemini elektronlaşdıranda müəyyən işbazların fəaliyyətini nəzərə almayıb. Bildiyiniz kimi, məktəbə qəbulla bağlı da həmin problem yaşanmışdı. Beləki, məktəb direktorları adlı-sanlı müəllimlərin dərs keçdikləri siniflərdəki yerləri qabaqcadan bronlayırdılar. Bununla qeyd edirdilər ki, guya hər sinifdə 30 nəfərdən ibarət yerlər dolub. Halbuki, sinifin yarısı boşdur. Hazırda məktəbəqədər qəbul prossesində də boşluqlar var. Ona görə də bağça müdirləri yerləri əvvəlcədən rezervasiya edə bilirlər. Hətta, Elm və Təhsil Nazirliyinin belə bir təşəbbüsü oldu ki, özəl bağçalara uşaq qəbulunu dövlətdən maliyyələşdirmək mümkündür. Ola bilsin ki, bu qərar rəsmi səviyyədə deyil. Əgər bu təklif gerçəkləşərsə, effektiv nəticə verəcək. Təəssüf ki, valideynlər yaşadıqları əraziyə yaxın uşaqlarını bağçalara yerləşdirmək üçün yer tapa bilmirlər. Bu şikayyətlər isə kütləvi xarakter daşıyır" .