Valideynlərin işi daha da çətinləşir - AÇIQLAMA

Narazılıqlar yaranıb

Sadəcə, 2019-cu il təvəllüdlü uşaqlar məktəbəhazırlıq qruplarına qeydiyyata alınır

  2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün iyul ayının 11-dən başlayan qeydiyyat davam edir.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi iyulun 16-sı saat 11:00-da aktiv edilib. Tədrisin digər dillərdə aparıldığı bölmələr üzrə məktəb və müəllim seçimi isə iyulun 18-i saat 11:00-da başlayacaq.
  Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçirilir.
Qeyd edək ki, son bir neçə ildir 5 yaşlılar məktəbəhazırlıq qruplarına cəlb edilirlər. Cari ildə məktəbəhazırlıq qruplarına 2019-cu il təvəllüdlü uşaqlar qəbul edilirlər. Hazırlıq qruplarında təhsil almaq məktəbyaşlı uşaqların məktəbə daha hazırlıqlı olmalarına kömək edir. Məktəbəhazırlıq qrupları icbari xarakter daşımır. Valideynlər könüllü şəkildə uşaqlarını məktəbəhazırlıq qruplarına yazdıra bilərlər. Məktəbəhazırlıq qrupuna qoşulmayan uşaqlar birinci sinfə qəbul zamanı sorğularını sistemdə yerləşdirə bilirlər.
Yeri gəlmişkən, məktəbəhazırlıq qruplarına qeydiyyat prosesi ilə bağlı müəyyən narazılıqlar var. Valideynlərin əksəriyyəti istədikləri məktəbi və müəllim seçə bilmədiklərindən gileylənir. Sistemdə ləngimə və donma olduğunu iddia edirlər.
  Ən böyük narazılıq isə sadəcə, 2019-cu il təvəllüdlü uşaqların məktəbəhazırlıq qruplarına qeydiyyatının tələb edilməsi ilə bağlıdır.
Bu barədə sosioloq Lalə Mehralı sosial media hesabında öz etirazını bəyan edib:

" 5 yaşlıların məktəbəqədər hazırlıq qruplarına qeydiyyatı başlayıb. Sistem yalnız 2019-cu il təvəllüdlü uşaqları qəbul edir. Məntiqsizliyə baxın, yanvar ayında doğulan uşaqla dekabr ayında doğulan uşağın arasında 1 yaş fərq var, hər ikisi də 2019-cu il olduğu üçün 5 yaşlıların qrupuna daxil edilir. Mənim oğlum dekabr, 2019-cu il doğumludur, məktəbə 7 yaşında qoyacam, bu da o deməkdir ki, məktəbə hələ iki ildən sonra gedəcək. Daha dəqiq desəm, 6 yaş 9 aylıq olanda, bu da düşür 2025-2026-cı tədris ilinə. Ona görə bu il oğlumu məktəbəqədərə yazdırmaq istəmirəm, amma gələn il də sistem təvəllüdünə görə qəbul etməyəcək. Böyük oğlum da dekabrda doğulub, o zaman onlayn sistem deyildi qəbul, 6 yaşında da məktəbəqədərə qoymaq olurdu. Xidmətlər rəqəmsallaşdıqca, işimiz daha da çətinləşir".

  Təhsil eksperti Qoşqar Məhərrəmov isə “Sherg.az”a açıqlamasında deyib ki, məktəbəhazırlıq qruplarına uşaqların qeydiyyatı ilə bağlı yaşanan problemlərin müxtəlif səbəbləri var: 
"Onlardan biri elektron sistemə valideynlərin yad olması, əksəriyyətin rəqəmsal bilgisinin az olmasıdır. Bu səbəbdən valideynlər uşaqlarını qeydiyyatdan keçirən zaman müəyyən çətinlik yaşayırlar. İKT sahəsində müəyyən bilik və bacarığı olan şəxslər isə çox rahatlıqla övladını qeydiyyatdan keçirir və məktəb-müəllim seçimini edir. Çoxusu birbaşa məktəbəqədər müəssisələrə üz tutur, müəllimlərə, məktəb rəhbərliyinə dil töküb, yalvar-yaxar edirlər ki, övladlarının adını yazdırsınlar. Sözsüz ki, məktəbəqədər müəssisələrdə yer sayının müraciət edən uşaqların sayı ilə müqayisədə adekvat olmaması da problemli məsələdir. Yerlər dolduğu halda sistem digərlərini qəbul etmir, lakin valideynlər elə düşünür ki, sistemə müdaxilə edilib. Əslində, məktəbəqədər hazırlıq qruplarında yer var, lakin məktəb direktorunun başqa gözləntiləri olduğu üçün yerlər dolmuş kimi göstərilir”.
  Q.Məhərrəmovun sözlərinə görə, yaşla bağlı məhdudiyyət tələbi də ciddi problemdir. Dünyanın əksər ölkələrində buna bənzər tələblər var. Ekspert hesab edir ki, bu tələb olmasa, sistemdə daha çox yüklənmələr olar və yerlər daha tez dolar ki, bu da 5 yaşı tamam olan və məktəbəqədər hazırlıq qruplarına getməli olan uşaqların kənarda qalmasına gətirib çıxarar: “Əgər valideyn 2019-un dekabr ayında anadan olmuş övladını bu il məktəbəqədər hazırlıq qrupuna yazdırmaq istəmirsə, bu onun şəxsi seçimidir. Uşağını 6, ya da 7 yaşında birinci sinfə göndərə bilər. Lakin bir ay fərq var deyib, 2019-cu il doğumlu uşağını növbəti tədris ilində 2020-ci il təvəllüdlü uşaqlarla birlikdə məktəbəqədər hazırlıq qruplarına qeydiyyatdan keçirmək tələbi absurddur. O zaman noyabr, hətta oktyabr, sentyabr doğumlu uşaqların da valideynləri 2-3 ay fərq var deyib narazılıq edəcəklər. Bu isə onsuz da məhdud olan yerlərin daha tez dolmasına və daha çox uşağın məktəbə hazırlıq qruplarından kənarda qalmasına gətirib çıxaracaq.
  Mən hazırda Amerikada yaşayıram. Qızımla oğlum arasında 3 yaş fərq olmasına rəğmən bu il biri 5-ci sinfə, digəri isə birinci sinfə başlayacaq. Çünki biz Azərbaycandan Amerikaya köçəndə qızım 6 yaşı tamam olmadığına görə birinci sinfə başlaya bilmədi. 6 yaşı noyabr ayında tamam olacaqdı deyə sentyabr ayında onu məktəbə qəbul etmədilər. Mənə elə gəlir ki, uşaqların məktəbə 6 ay, bir il gec başlaması, yaxud da 5 ay tez getməsi problem deyil”.