Deputat:"Gənclərin “beyinlərinin yuyulması” halına rast gəlinir"

Bu gün prezident İlham Əliyev  Fərid Qayıbovu gənclər və idman naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib. Çıxışı zamanı bir çox mühüm məqama toxunan dövlət başçısı, həmçinin ölkədəki gənclər siyasətindən danışıb. Azərbaycan lideri bildirib ki, idman sahəsində tərbiyə məsələlərinə də çox ciddi diqqət yetirmək lazımdır. Bütövlükdə gənclərimizin tərbiyə edilməsi prosesi diqqət mərkəzində olmalıdır: “Həm məktəblərdə, həm ailələrdə ənənəvi dəyərlər bizim əsas sütunumuzdur. Azərbaycan dəyərləri, milli dəyərlərimiz bizim üçün əsas prinsipdir və gənc nəsil də bu ruhda tərbiyə almalıdır, milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Gənc nəsil mənfi xarici təsirdən uzaq olmalıdır və buna nail olmaq üçün tərbiyə işləri aparılmalıdır.

Gənclər savadlı, bilikli olmalıdırlar, eyni zamanda, milli mədəniyyətimizə yaxın olmalıdırlar. Bizim milli dəyərlərimizi dərk etməlidirlər, onları yaşatmalıdırlar və bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Çünki indiki dünyada qloballaşma prosesləri gedir və bəzi hallarda xarici dairələr gəncləri özləri üçün əsas hədəf seçirlər. Yəni, gəncləri aldatmaq, yoldan çıxarmaq üçün səylər göstərilir. Biz bunu görürük və əlbəttə, bunun qarşısı alınmalıdır”.

Prezidentin bu fikirləri barədə “Sherg.az”a danışan millət vəkili Sevil Mikayılovanın sözlərinə görə, gənclər dövlətin gələcəyidir:

“Onların sağlam ruhda tərbiyəsi hər bir dövlətin prioritetidir. Gənclik həssas və məsuliyyətli yaş dövrüdür. Gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, müasir dövrün tələblərinə cavab verən təhsillə təmin olunmaları çox mühümdür. Təəssüf ki, bəzi hallarda gənclərin “beyinlərinin yuyulması”, bəzi siyasi qüvvələrin onlardan öz məqsədləri üçün istifadə etmək cəhdlərinə rast gəlinir.

Elə buna görə də onların asudə vaxtlarını səmərəli keçirməsi, xüsusilə də idman, yaradıcılıq və digər faydalı məşğuliyyətlərə cəlb olunması vacibdir.

Gənclərin beynəlxalq aləmə inteqrasiyası, xaricdə təhsil almaları da önəmlidir. Amma bu proses mütləq milli-mənəvi dəyərlərin qorunması ilə paralel aparılmalıdır. 44 günlük müharibə Azərbaycan gənclərinin hansı ruhda tərbiyə edildiyini, nələrə qadir olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Əlbəttə, bu, həm də dövlətin gənclər siyasətinin təzahürüdür”.