Daha gecdir: “Bakıda tramvayların bərpasına dair şansımızı itirmişik”

Paytaxtda olan tıxaclar avtomatik olaraq vaxtilə rahat şəkildə istifadə etdiyimiz tramvay nəqliyyatını xatırladır. Paytaxtda tramvaylar 2000-ci ildə ləğv edilib. O zaman əlverişli nəqliyyat növü olan tramvayların birdən-birə sıradan çıxarılması əhalinin narazılığına səbəb olsa da, yenidən bərpa edilmədi.
Lakin əksər ölkədə, Avropada tramvaylar işləyir. Hətta əksər şəhərdə sürətli tramvaylar fəaliyyət göstərir. Bakıda isə tramvaylar yığışdırıldıqdan sonra onun inkişafı üçün nəzərdə tutulan dəhlizlər sökülərək yerində binalar tikildi. Maraqlıdır, paytaxtda tramvay xətlərinin yenidən bərpası mümkündürmü?
Tramvay xətlərinin yenidən qurulması üçün çoxlu maliyyə imkanlarının lazım olduğunu deyən nəqliyyat üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a bildirib ki, bu məsələ ilə bağlı kifayət qədər ciddi problemimiz var:

Ekspert xatırladıb ki, 1996-1997-ci illərdə Bakıda bütün tramvay xətləri ləğv edildi:

"Küçə və prospektlərdə hərəkət zolaqları, tramvay relsləri sökülərək yerində lazımsız bordyurlar quruldu. Hələ o illərdən bəri ekspertlər tramvay xətlərinin ləğv edilməsinin əleyhinə idi. Tramvaylar ilk növbədə tıxac probleminin həllində effektiv nəqliyyat vasitəsidir. Həmçinin elektriklə çalışdığına görə, ekoloji cəhətdən kifayət qədər səmərəlidir”.

İ.Hüseynlinin fikrincə, bu xətlər saxlansaydı, indi istifadə etmək üçün köhnə infrastrukturun üzərində yeniləmələr edə bilərdik:

“Yenidən tramvay xətlərinin qurulması asfalt örtüyünün zədələnməsinə, prospektlərin ortasında qurulan lazımsız vasitələrin, işıq dirəklərinin sökülməsinə səbəb olacaq.
Bu infrastrukturun qurulması, bəlkə də, illər aparacaq prosesdir. Əslində problem şəhərsalmanın ilk dövrlərində həll edilməli idi. İndi isə çox gecdir.

Düşünmürəm ki, Bakıda tramvay xətlərinin yenidən bərpası baş tutsun, artıq yollar qurulub, infrastrukturu formalaşıb. Yəni asfaltlama işləri, yollar arasında ötürücülər yaradılıb. Bu mənada tramvayların yenidən bərpa olunması ilə bağlı şansımızı itirmişik”.