“Ermənistanı ifşa edən vasitələrdən istifadə edilməlidir” – Faktlar var

Azərbaycan Xarici işlər nazirinin müavini Elnur Məmmədov “Twitter” hesabında Ermənistanın məsuliyyətə cəlb edilməsinə dair paylaşım edib. Onun sözlərinə görə, Azərbaycan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcək.

“Önümüzdəki günlərdə irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb edəcəyik. İşğal zamanı azərbaycanlıların insan hüquqlarının 30 il ərzində pozulması qəbuledilməzdir”.

XİN-nin bu istiqamətdə addımlar atmasının təqdirəlayiq hal olduğunu vurğulayan millət vəkili Fazil Mustafanın qənaətincə, Ermənistanı ifşa edən bütün vasitələrdən istifadə etmək lazımdır:

“Xüsusilə də beynəlxalq konvensiyaların pozulması istiqamətində irqi və dini ayrı-seçkiliyin təzahürlərini diqqətə çatdırmalıyıq. Bununla bağlı təbliğatlar da bizim üçün vacibdir. 

Çünki beynəlxalq platformada müvafiq sənədlərdən istifadə edərək məsələ qaldıra bilərik. Müzakirələrdə də ermənilərin qarşısına irqi ayrı-seçkilik kimi faktları qoya bilərik. 

Xüsusən dağıdılmış ərazilərimizlə bağlı mülki iddia mövzusunu ciddi şəkildə təbliğ etməli, həm də 30 il ərzində vətəndaşlarımızın hüquqlarının pozulması ilə bağlı məsələnin üzərinə getməliyik. Bu, çox vacibdir və problemi gündəmdə saxlamaq maraqlarımıza uyğundur”.

Yeganə Bayramova