Paşinyanın Türkiyə gedişi: İrəvan "Qərbin ipinə odun yığmaqdan" narahatdır

Ermənistanın baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki, Ermənistan Türkiyə ilə diplomatik münasibətlər qurmalı, quru sərhədləri açılmalıdır. O bildirib ki, hər iki ölkənin xüsusi nümayəndələri arasındakı danışıqlar Türkiyənin Ermənistanla bağlı yanaşmasındakı dəyişiklikdə rol oynayıb. 
N. Paşinyan İran və Gürcüstanla əlaqələri də şərh edib. Ermənistanın hökumət başçısı vurğulayıb ki, bu dövlətlərlə uzunmüddətli perspektivdə hər hansı münaqişənin yaranacağı gözlənilmir. 

“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli “Sherg.az”a bildirib ki, Ermənistanın Amerika Birləşmiş Ştatları, Avropa Birliyi və Fransa tərəfindən sürətlə silahlandırıldığı inkar olunmaz reallıqdır:

“Ancaq Nikol Paşinyan hakimiyyətinin ən böyük problemi ondan ibarətdir ki, sözügedən silahlar Ermənistanı düşdüyü vəziyyətdən çıxmağa təminat vermir. Eyni zamanda ABŞ, AB və Fransanın növbəti savaş baş verəcəyi təqdirdə Ermənistanı müdafiə edəcək mexanizmləri yoxdur. Rəsmi İrəvan isə bundan çox narahatdır. Yəni Qərb Ermənistanı müdafiə etmək imkanlarından uzaqdır. Ona görə də Paşinyan hakimiyyəti Qərblə yanaşı bəzi qonşularla münasibətlərini də normallaşdırmağa çalışır. Rəsmi İrəvan məhz bu konteksdə Türkiyə ilə əlaqələrin qurulmasına cəhd göstərir. Hətta Ermənistanda hesab olunur ki, Türkiyə ilə münasibətlərin normallaşması Azərbaycanla savaş təhlükəsini sıfıra endirə bilər. Eyni zamanda güman edirlər ki, bu əlaqə Ermənistanın iqtisadi və ticari imkanlarını genişləndirəcək. Ona görə də Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün əllərindən gələni edirlər. Azərbaycana münasibətdə isə eyni davranış hələki tam şəkildə müşaiyət olunmur. Hətta Azərbaycana qarşı revanşist mövqe ön planda tutulur. Yəni Ermənistan Türkiyə ilə münasibətləri Azərbaycanla əlaqələrdən kənarda inkişaf etmək niyyətində olduğunu büruzə verir. Təbii ki, rəsmi Ankara belə yanaşma tərzini yaxına buraxmaq niyyətində deyil. Türkiyə Ermənistanla danışıqlar prossesini Azərbaycanla məsləhətləşmələr çərçivəsində aparır. Ona görə də sözügedən məsələdə Paşinyan hakimiyyətinin uğur qazanmaq şansı çox aşağıdır. Əgər Nikol Paşinyan sülh istəyirsə, silahlandırılmanı və Qərbdən aldığı təlimatlarla siyasi gərginliyi artırmağı durdurmaldır. Həmçinin revanşist niyyətlərdən uzaq durmalı və Azərbaycanla sülh sazişini imzalamalıdır. Yəni sülh üçün lazım olan Azərbaycanın şərtlərini yerinə yetirməlidir”.