Qərargah bütün qüvvələri səfərbər edib

Məqsəd Qarabağda quruculuq işlərini ən qısa zamanda yekunlaşdırmaqdır

İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə yaradılmış Əlaqələndirmə Qərargahının növbəti iclası keçirilib. Prezident Administrasiyasının və Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə keçirilən iclasda dövlət başçısının tapşırıqlarının icrasına dair son vəziyyət təhlil edilib. Qısamüddətli və uzunmüddətli perspektivdə qarşıda duran məqsədlər və onların həyata keçirilməsi ilə bağlı qurumlararası əlaqələndirmə məsələləri müzakirə olunub. 
Samir Nuriyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə sürətlə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dünya miqyasında nümunəvi xarakter daşıyır. Bununla yanaşı, müəyyən olunmuş vəzifələrin yüksək keyfiyyətlə və daha operativ yerinə yetirilməsi üçün Qərargahın, işçi qrupların fəaliyyətinin konkret nəticələrinin əldə olunması istiqamətində səfərbər edilməsi zəruridir. Ümummilli prioritetlərdən biri olan bərpa və yenidənqurma işləri ilə bağlı səmərəliliyin yüksəldilməsi üçün gündəlik qurumlararası sıx əlaqələndirmə, kompleks yanaşma və vəzifə funksiyalarının dəqiq bölgüsü mütləq şərtdir. Qərargahın rəhbəri bu sahədə məsuliyyətin davamlı şəkildə artırılmasının vacibliyini diqqətə çatdırıb. İclasda şəhərsalma, enerji təminatı, tarix və mədəniyyət abidələrinin bərpası, təhsil və səhiyyə xidmətlərinin planlı təşkili ilə bağlı məsələlər də ətraflı müzakirə edilib. 

Administrasiya rəhbərinin diqqət yönəltdiyi məqamı “Şərq”ə dəyərləndirən millət vəkili Ceyhun Məmmədov deyib ki, işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri çox sürətlə aparılır. Deputatın sözlərinə görə, Əlaqələndirmə Qərargahının yaradılmasında məqsəd işlərin koordinasiyalı aparılması və mümkün qədər tez zamanda yekunlaşmasıdır:

 “Hər bir dövlət qurumlarına bununla bağlı zəruri tövsiyə və tapşırıqlar verilib. Şübhəsiz, görülən işlər zamanı qurumların bir-biri ilə sıx əlaqəsi, koordinasiya çox önəmlidir. Məqsədimiz Qarabağdakı quruculuq işlərini ən yaxın zamanlarda yekunlaşdırmaqdır ki, vətəndaşlarımızı tezliklə öz doğma yurdlarına qaytaraq. Bu da ancaq qurumların birgə fəaliyyəti ilə mümkündür. Dövlət orqanları bu məsələyə kifayət qədər həssas yanaşmalıdır. İş elə qurulmalıdır ki, quruculuq və bərpa işlərini vaxtında başa çatdıra bilək”. 

İsmayıl Qocayev