"Vətən müharibəsinin ildönümü yaxınlaşır"-Hisləri ifadə etmək çətindir

“Vətən müharibəsinin ildönümü yaxınlaşır. Müharibə iştirakçılarının hissləri elə dərindir ki, onu ifadə etmək çətindir. Çox çətin...”.

“Sherg.az” xəbər verir ki, bunu jurnalist, Vətən müharibəsinin iştirakçısı Aqşin Kərimov deyib. 

Jurnalist bildirib ki, sentyabrın 27-si gecə saat 3-ə qədər xəbərləri izləyib, müharibənin başlanması an məsələsi olsa da, xəbər çıxmayıb: 

“Səhər tezdən həyat yoldaşım məni yuxudan oyadaraq dedi: "Aqşin, dur, müharibə başladı". Sanki məni müharibədə iştirakımın vacib olduğuna səsləyirdi. Sanki bu səs bir xalqın səsi idi, dövlətin səsi idi. Səhəri gün isə müharibəyə çağırıldım. 2012-ci ildə hərbi xidməti başa vurduqdan sonra səkkiz il ərzində hər gecə yuxularıma ikinci dəfə hərbi xidmət keçməyim girirdi. Özü də bilirsinizmi yuxuda mənə naməlum adamlar nə deyirdi? Deyirdilər ki, bu, çox vacibdir, mütləq sən ikinci dəfə hərbi xidmətə getməlisən. Gecələr Birinci Qarabağ Müharibəsində şəhid olan bibimoğlu da yuxularıma gəlirdi, gah əsgər formasında gah da, adi qaydada... 2015-ci ilin fevralından sonra isə hər gün müharibəyə çağırılacağıma əminliyim artırdı. Sən demə, həmin yuxular və 2015-ci ilin fevralına keçirilən təlimdə iştirakım məni psixoloji olaraq Vətən müharibəsinə hazırlayırmış... 
Şəhidlərimizə rəhmət diləyirəm!”.

İsmayıl Qocayev