Bakının kanalizasiya sistemi çöküb

Bakıda yağan yağışın fəsadları göz önündədir. Ölkədə kanalizasiya sistemlərinin bərbad vəziyyətdə olması insanları çətinliklərlə üz-üzə qoyub. Yağış suları səbəbindən yollarda yaranan tıxac hərəkəti iflic edib. Maşını xarab olan kim, qarşı tərəfə keçmək üçün yollar düşünən kim. Ayaqqabısı əlində, ayaqyalın yağış suları üzərində qarşı tərəfə addımlayan insanları da görə bildik.

Bu hallar ilk dəfə yaşanmır. Bundan əvvəl də belə idi, tədbir görülmədiyi təqdirdə bundan sonra da hər yağış yağdığı zaman acınacaqlı durumun şahidi olacağıq. Bu səbəblərdən saatlarla yollarda qalan həm piyadaların, həm də sürücülərin əsəb sistemi gərilir, diqqətləri yayınır, nəticədə qəza şəraiti qaçılmaz olur. Problem həll edilmədiyi müddətcə əhali arasında “Bakıya qar yaraşmır” ifadəsi kimi, “yağış da yaraşmayacaq” ifadəsi dillərdə gəzəcək.

Məsələ ilə bağlı “Şərq”ə danışan tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı bildirib ki, kanalizasiya sistemi keçən əsrin ortalarından bərpa olunub, bir qədər təkmilləşdirilib:

“XXI əsrin əvvəllərində heç bir iş görülmür. Məsələn, əvvəl şəhərin mərkəzində kanalizasiya xətti və su axını qat-qat az idisə, indi 17 mərtəbəli evlər tikiblər. Ona görə də yağış yağanda kanalizasiya sistemi çatdırmır, gölməçələr yaranır”.

Professor vurğulayıb ki, dünyanın hər yerində hər hansı bir tikili tikilməmişdən əvvəl onu hesablayırlar:

“Nə qədər kanalizasiya sistemi buna tab gətirə bilər, daşınma həcmi çatar, çatmaz. Bizdə isə bunlar nəzərə alınmır. Ev tikmək üçün torpağın icazəsini alırlar, tikilib, yaşayış olduqdan sonra da kanalizasiya köhnə bir sistemdə olur və böyük fəsadlara gətirib çıxarır”.
 
Sücayət Mehti