Ailə qayğısı ilə böyümək hər bir uşağın haqqıdır


“Himayədar ailə” qayğı modelinin tətbiqi faydalı olacaq

Azərbaycanda valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasını nəzərdə tutan yeni “Himayədar ailə” qayğı modelinin tətbiqi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu istiqamətdə müvafiq institusional hazırlıq, qanunvericilik bazasının yaradılması işlərinə başlanıb. 

“Himayədar ailə” modeli deinstitutlaşmada yeni mərhələ olmaqla, valideyn himayəsindən məhrum uşaqların uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və onların ailə mühitində böyüməsinə şərait yaradılmasını, bununla bərabər, himayədar ailələrə dəstək verilməsi mexanizmini özündə ehtiva edir. 

Bəs bu ailə modelinin əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin sədri Lamiyə İsazadə "Şərq"ə açıqlamasında bildirib ki, ölkəmizdə tətbiqi nəzərdə tutulan “Himayədar ailə” qayğı modeli olduqca təqdirəlayiq bir addımdır. O qeyd edb ki, ailə qayğısı ilə böyümək hər bir uşağın haqqıdır: 

"Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq istiqamətlərindən ən vacibi bu sahədə görülən işlər olacaqdır. Çünki dövlət müəssisələrindəki hər bir uşağın ailə sevgisinə, ailə qayğısına ehtiyacı var. Avropa ölkələrində bu modelin tətbiqinə illər öncə başlanılıb və çox da uğurlu nəticələr əldə olunub. Bu model Avropa dövlətlərində “Alternativ qayğı” adlandırılır. Valideyn himayəsindən məhrum olan uşaqlar əvvəlcə himayədar ailəyə yerləşdirilir, bir müddət uşaq həmin ailədə yaşayır. Əgər himayəyə götürən ailə və uşaq tərəfindən heç bir problem yaşanmazsa, bir müddət sonra uşağın qəyyumluğu həmin ailəyə verilir. Alternativ himayənin müxtəlif formaları vardır. Əgər uşağın ailəsi yoxdursa, qohumları ilə də yaşaya bilər, kiçik və ya böyük qruplu evlərdə, kiçik ailəşəkilli evdə, yaxud alternativ ailələrdə yerləşdirilə bilərlər. “Alternativ qayğı” yəni himayəyə götürmə uşağın yetkinlik yaşına çatmasına, təhsilini bitirənə və ya uşağın həqiqi ailəsinin durumunun yaxşılaşmasına qədər çox uzun illər davam edə bilər". 
L.İsazadə əlavə edib ki, hər bir dövlətdə olduğu kimi Avropa dövlətlərində də valideyn himayəsindən məhrum olan uşaqlar üçün xüsusi dövlət müəssisələri, sadə dillə desək uşaq evləri var: "Həmin uşaq evlərində 200-300 uşağın birlikdə yaşaması heç də doğru hesab edilmir və məhz buna görə də “alternativ qayğı” modeli tətbiq olunub və bu model onlar üçün daha məqbul hesab edilir. 

Əslində çox doğru yanaşmadır. 200-300 uşağın eyni vaxtda qayğısına qalmaq, onlara düzgün tərbiyə vermək həddən artıq çətindir. Hər bir uşaq ailə daxilində böyüyərsə onların qayğısına qalmaq, tərbiyəsi ilə məşğul olmaq, onları doğru yönə istiqamətləndirmək ailə üçün daha asandır. 

Himayədar ailədə yaşayan uşaqlar öz doğma ailələri ilə yaşayan uşaqlar kimi eyni hüquqlara malikdirlər. Bu hüquqlara hörmət edilməsi və qorunmasının təmin edilməsinə görə hökumət orqanları və təşkilatlar məsuliyyət daşıyır. Bütün dünyada 18 yaşına çatmamış uşaq və gənclər Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən qorunan hüquqlara malikdirlər. Bu hüquqlarla BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyası (BMTnin UHK) adlanan sənəddə tanış ola bilərik. Bu, 1989-cu ildə qəbul edilmiş və ölkələr arasında bağlanmış beynəlxalq sazişdir. Avropanın bütün ölkələri və dünyanın əksər ölkələri bu sazişi qəbul ediblər. 

Bu o deməkdir ki, ölkələrin əksəriyyəti sözügedən konvensiyadakı hər bir hüququ dəstəkləməyə və hörmət etməyə razılıq veriblər. Bu gün müstəqil respublikamızda cəmiyyətin böyük bir hissəsini təşkil edən uşaqların yaşamaq, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsi tamamilə yeni istiqamətdə həyata keçirilir. Uşaqların təlim-tərbiyəsi sahəsində dünya təcrübəsi öyrənilir və tətbiq olunur. 

Uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün hər cür şərait yaradılır. Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət, layiqli vətəndaş kimi formalaşması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. 

Məhz buna görə də bu gün dövlət müəssisələrindəki uşaqlar üçün “Himayədar ailə” qayğı modelinin ölkəmizdə tətbiqi nəzərdə tutulur. Dövlətimizin inkişafı, rifahı, sağlam gələcəyi üçün hər bir uşağa xüsusi qayğı göstərməyi olduqca zəruri hesab edirəm. İnanıram ki, “Himayədar ailə” qayğı modeli buna imkan yaradacaqdır. Bu modelin tətbiqi uşaqlarımızın normal psixologiyada böyümələrini, onların vətənpərvərlik və milli ruhda tərbiyə olunmalarını, xoşbəxt yaşamalarını, ailə qayğısı ilə əhatə olunmalarını təmin edəcəkdir".

Aynurə Pənahqızı