Geyim sonranın işidir


Tural İrfan: "Öncə Azərbaycanda din xadimlərinin beyni dəyişdirilməlidir"
Atif İsmayılov: "Din xadimlərinin rütbələri və yaxud da geyimləri deyil, onların bilik səviyyələri yoxlanılmalıdır"

Ötən gün Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Şərq"ə açıqlamasında maraqlı təkliflə çıxış edib. O bildirib ki, din xadimlərinin geyimlərinin dəyişdirilməli, dini rütbələr müəyyən edilməlidir. 

Təklifə münasibət bildirən ilahiyyatçı Tural İrfan "Şərq"ə açıqlamasında bildirib ki, öncə Azərbaycanda din xadimlərinin beyni dəyişdirilməlidir. Çünki bizim ruhanilərin əksəriyyəti İranın siyasi-dini rəhbərliyinə müctəhid adı ilə təqlid edirlər və bunu da gizlətmirlər: "Məlumdur ki, İran da Ermənistana yaxın dövlətdir və Azərbaycan maraqlarına zidd davranış sərgiləyir. İran teokratik dövlətdir və oradakı din adamları eyni zamanda oranın siyasi rəhbərləridir. Bizim axundların onlara siyasi, dini, mənəvi bağlılığı çox təhlükəlidir. İran bizim axundların əli ilə din, şiəlik adı altında ölkəmizdə öz məram və maraqlarını təbliğ etdirir. Xurafat vasitəsi ilə öncə inanclı insanları istismar edir, sonra da onlardan istifadə edərək öz içimizdən özümüzə qarşı siyasi rıçaqlar düzəldir. Keçən günlərdə şəhid məzarı başında İsrail əleyhinə, dövlətimiz əleyhinə çıxışlar edən hicablı qadınlar da məhz bunun nəticəsində baş verir. Qafqaz Müsəlmanları İdarəsi də təəssüf olsun ki, belə məsələlərə ya göz yumur, ya da özü şərait yaradır. Geyim sonranın işidir. İkincisi də geyim məsələsi bir neçə il əvvəl müzakirə olunub və standart forma müəyyən edilib. Əslində islam dininə görə din adamının xüsusi geyimi nəzərdə tutulmayıb. Hər kəs öz dövrünə uyğun geyinə bilər. Lakin istismarçı ruhani təbəqəsi özləri üçün xüsusi imtiyaz, müstəsna hüquq, xalqdan seçilmək amalı ilə özlərinə xüsusi geyim uydurublar. Bu, xristianlıqdan keçib. Əgər geyinmək, fərqlənmək istəsələr belə bu milli geyimlərə uyğun olmalıdır. Çünki bəzən bu geyimlər də İran kimi məkrli ölkələrdə siyasi mesaj, xüsusi mahiyyət daşıyır. Məsələn, qara əmmamə guya seyid olmağı bildirir. Bir tərəfi açıq əmmamə sünniliyi, tam bağlanmış əmmamə şiəliyi bildirir. Bəzi əbalar İran ruhanisi olmağı ifadə edir və s. Ölkəmizdə də dini təbliğat əsasən İran təbliğatı üzərində aparıldığı üçün axundlar, ruhanilər o üslubda geyinməyi özləri üçün fəxr hesab edirlər. Əgər dini, xüsusi geyim gərəkdirsə, (hərçənd ki, dində belə bir tələb yoxdur) öz milli geyimlərimizə uyğun geyim hazırlanmalıdır və bu geyim hazırlanarkən İranın tələb etdiyi kimi məzhəb ayrı-seçkiliyi, nəsil-soy ayrı-seçkiliyi olmamalıdır. Yəni bu seyiddir qara əmmamə geyinsin, bu seyid deyil, ağ əmmamə geyinsin kimi fikirlər olmamalıdır".

İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə açıqlamasında vurğulayıb ki, din xadimlərinin rütbələri və yaxud da geyimləri deyil, onların bilik səviyyələri yoxlanılmalıdır. Çünki din ideologiyadır və o, geyimlərdən, eyni zamanda rütbələrdən daha önəmlidir:

 "Azərbaycanda dini camiyyədə dini təbliğ edən insanların  rütbələrdən öncə mənəviyatına və savadına diqqət yetirmək lazımdır. Savadlı, mənəviyyatı yüksək olan kadrları müəyyən edib onları dinin təşviqi üçün,  dinin maariflənmə işlərinin aparılması üçün təyin edilməlidir. Məsələn,  "molla" sözünün özü həddən artıq dəyərlidir və böyük anlama malikdir. Ancaq əfsuslar olsun ki, sovet dövründə molla Yasin, Quran və yaxud kəbin, dəfn bu kimi şeylərin icrası üçün isifadə olunduğuna görə, sonda bu söz insanlar arasında çox kiçik bir mənaya çevrildi. Bu gün din xadimlərinin geyimlərinin dəyişdirilməsi deyil, din xadimlərinin təfəkkürlərinin, mənəviyyatının ali olması, yüksək biliyə, savada malik olması üzərində addımlar atmalıyıq. Bir neçə il bundan öncə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə təyin olunmuş camilərdə, məscidlərdə  axund və imamlara standart bir libasın geyinilməsi təqdim olundu. Amma bu demək deyil ki, insanlar hər hansı mənəvi sahədə, mənəvi formada hər hansı bir standart geyimə məhkum edilsin. Bəli, insanlar bu məsələdə azaddır. Libasların dəyişilməsi, dini rütbələrin müəyyən edilməsi əsas və zəruri işlərdən deyil. Əsas məsələ odur ki, dinə uyğun və istənilən formada hər bir iş həyata keçirilsin. Azərbaycanın özünəməxsus milli geyimləri var və o, milli geyimləri qorumaq hər bir vətəndaşımızın borcudur. Dinin özünəməxsus mənəvi libaslarına da hörmət etmək labüddür. Bir məsələni qeyd edim ki, əba və qəba kimi geyimlər peyğəmbərimizin libası kimi təqdim olunur. Bunun ərəblərlə heç bir aidiyyəti yoxdur. Peyğəmbər sırf ərəblər üçün gəlməmişdi, bütün dini camiyə üçün gəlmişdi".