Heç bir qanunazidd hal yoxdur


Polislər taksilərdə yoxlamanı mülki geyimdə də apara bilərlər

Oktyabrın 1-dən etibarən sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərdən ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. 

İşçilərinin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının tələb olunduğu iş və xidmət sahələri dairəsinə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti daxildir. Bu, Nazirlər Kabinetinin 2021-ci il 26 iyul tarixli 229 nömrəli qərarına əlavədə əks olunub. Qeyd edək ki, həmin gündən etibarən ölkə ərazisində fəaliyyət göstərən, COVID-19 pasportu olmayan bütün sərnişindaşıma və yükdaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı reydlər keçirilməkdədir. Hətta, polis əməkdaşları vaksin pasportu olmayan taksi sürücülərinin aşkara çıxarılması üçün onlara müştəri qismində yaxınlaşırlar. Sosial şəbəkələrdə müzakirələrdə polislərin mülki formada əməliyyata qatılmalarının qanunazidd olduğu qeyd olunur. Bəs, mülki geyimli polisin vətəndaşı saxlamağa ixtiyarı varmı və burada hansı qanun pozuntuları var?

Sualımızı cavablandıran beynəlxalq hüquq üzrə mütəxəssis Əlövsət Allahverdiyev "Şərq"ə açıqlamasında bildirib ki, əməliyyat-axtarış fəaliyyətinin subyektləri DİN-in təlimatlarına uyğun olaraq öz xidmətlərini mülki geyimdə aparırlar və təbii ki, onların təhqiqat orqanının əməkdaşı kimi səlahiyyətlərindən istifadə edərək şəxsi tutub polis orqanına apararkən mülki geyimdə olmaları mümkündür:

 "Əməliyyat haqqında Azərbaycan Respublikasının qanununda göstərilir ki, müəyyən hallarda tutaq ki, fövqəladə vəziyyətdə,  yaxud da ki, təxirəsalınmaz tədbirlərdə və s. kimi hallarda polislərin mülki formada olması mümkündür. Əgər əməliyyat axtarış fəaliyyəti subyektiv polisdisə, polis mülki formada əməliyyat keçirə bilər. Bu, taksi xidmətilə məşğul olan şəxslər arasında, avtobuslarda və s. hər yerdə ola bilər. Yetər ki, vətəndaşlar qanunu pozmasın. Bəzi hallarda görürsüz ki, vətəndaşlar öz qanunazidd əməllərini pərdələmək üçün deyirlər ki, bu fəaliyyət qanunaziddir. Yəni polis mülki formada əməliyyat apara bilməz. Əvvəla, polisin əməliyyatı qanunun tələbləri nöqteyi-nəzərdədir. Qanundan kənar heç bir tələb qoyulmur. Sadəcə vətəndaşlardan tələb olunan odur ki, onlar pandemiya qaydalarına əməl etsinlər və başqasını günahlandırmasınlar. Tutaq ki, heç polis yoxdur, bütün proseslər kameralarda müşahidə olunur. Onda sözünüz nə olacaq? Belə deyərdim ki, burda qanunazidd hər hansısa bir hal müşahidə olunmur".