Çörək istehsalı ilə bağlı qanun sərtləşdirildi


Ekspert hesab edir ki, əsas məsələ dövlət standartlarının tətbiqinə nəzarəti gücləndirməkdir

İstehlakçıların yüksək keyfiyyətli (əla, 1-ci, 2-ci və kəpəkli un çörəyi) çörəklə təmin olunması üçün sərtləşdirilmiş tələbləri özündə ehtiva edən AZS 899:2021 “Buğda unundan hazırlanan çörək. Texniki şərtlər” dövlət standartı təsdiq edilib. Standart İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən  verilən məlumata görə, xidmətin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən hazırlanıb.

Qeyd edək ki, son dövr ərzində çörək sənayesi sahəsində dayanıqlı keyfiyyət meyarlarının təmin edilməsi məqsədilə AZS 888:2020 – “Buğda. Texniki şərtlər” və AZS 894:2021 – “Çörək sənayesi üçün buğda unu. Texniki şərtlər” dövlət standartları da qəbul edilib. Standart layihələrinin müzakirəsində Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər. Yeni dövlət standartı ölkə ərazisində aparılan elmi-tədqiqat işləri, beynəlxalq və regional standartlar əsasında hazırlanıb və təsdiq edilərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Dövlət standartı barədə danışan iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, əslində qanunu sərtləşdirmək yox, mövcud olan qanuna riayət etmək lazımdır. Ekspert qeyd edib ki, qanunun sərtləşdirilməsi ilə yanaşı, həm də nəzarət gücləndirilməsinə ehtiyac var: 

"Korrupsiya əməllərinə nəzarət edən orqan tərəfindən hər hansı bir qanunsuzluq aşkar olunduqda dərhal bununla bağlı tədbir görülməlidir. Bundan əlavə sahibkarın da maraqları burada qorunmalıdır. Çünki birtərəfli qaydada sərtləşdirmənin sonu da effektiv olmur. Sonradan hətta ölkə miqyasında belə böyük səs-küyə gətirib çıxarır ki, bu da dünya miqyasında ölkənin nüfuzunu aşağı salır".

R.Qarayev ölkədə bir çox növdə çörək istehsal edildiyini və təəssüf ki, istehsal olunanın çoxunun standartlara cavab vermədiyini deyib: 

"Bunun mən əyani şahidi də olmuşam. Təəssüf olsun ki, lazımi orqanlar da buna qarşı biganədir. Səbəbini axtarsam da, bu günə kimi İqtisadiyyat Nazirliyi bir qurum olaraq sorğularıma cavab verməkdə acizdir. Bu baxımdan araşdırma göstərir ki, bu acizlik ortadan qaldırılmalıdır. Vətəndaşın məktubuna əsaslı və dəqiq cavab verilməlidir, dolayı yolla cavab xatirinə yox".