Bu il həddindən artıq sərt qış keçəcək

Neftin və qazın bahalaşmasına təsir edən amillər kifayət qədər çoxdur

Son günlər dünya birjalarında neftin qiymətində bahalaşmalar müşahidə olunur. Ötən gün ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2021-ci ilin dekabr müqaviləsinin dəyəri 0,13 faiz artaraq 1 barelə görə 82,82 dollar təşkil edib. Avropada Rusiyanın "Urals" markalı ixrac neftinin bir barelinin qiyməti 5 oktyabr tarixində (axşam saatlarında – red.) 2018-ci ilin oktyabrından ilk dəfə 80 dolları ötüb. Göründüyü kimi, dünyada neftin qiymətində artımlar var. Bəs, neftin qiymətinin qalxmasına təsir edən amillər nələrdir?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq"ə açıqlamasında bildirib ki, dünya bazarlarında neft qiymətlərinə təsir edən amillər kifayət qədər çoxdur. Onun sözlərinə görə,  bir neçə amilin cəmləşməsi də neft qiymətlərinin yüksəlməsinə səbəb olan əsas faktora çevrilib: 

"İlkin olaraq təbii ki, təsir edən amillərdən biri OPEC+ anlaşmasıdır. Keçən ildən başlayaraq OPEC+ ölkələri və Rusiya hasilatın süni şəkildə azaldılması yolu ilə bazarda qiymətlərin yüksəlməsinə nail oldular. Və bu il də bu prosesi davam etdirirlər. İki gün bundan öncə növbəti görüş baş tutdu. Hamı gözləyirdi ki, hasilatın daha çox artırılması ilə bağlı qərar çıxacaq. Ən azı gündəlik hasilatın 800 min barel atması ilə bağlı qərar gözlənilirdi, ancaq qərar başqa oldu. Gündəlik hasilat oktyabr ayından başlayaraq və noyabr ayı da daxil olmaqla, cəmi 400 min barel artacaq. Bu da ki, bazarda müəyyən dərəcədə qiymətin yüksəlməsinə səbəb olan əsas amillərdən birinə çevriləcək".

N.Cəfərli qeyd edib ki, neftin qiymətinin qalxmasına təsir edən digər  amil isə vaksinasiya ilə əlaqəlidir: 

"Dünyada iqtisadiyyatların açılması ilə əlaqəli olaraq, neftə olan tələbat da getdikcə artır. Nəticə etibarilə də bu tələbatın artımı neft qiymətlərinin də yüksəlməsinə səbəb olan əsas amillərdən birinə çevrilir. Bundan başqa daha bir amil ondan ibarətdir ki, bilirsiniz ki, dünya bazarlarında qazın qiyməti kəskin qalxıb. Və bunun da psixoloji olaraq neft qiymətlərinə təsiri var. Çünki bəzi proqnozlara görə, bu il həddindən artıq sərt qış keçəcəyi gözlənilir. Qışın sərt keçməsi neft məhsullarına, o cümlədən neftdən alınan və istilik enerjisinin alınmasında yanacaq kimi istifadə olunan mazuta tələbat artacaq. Nəticə etibarilə də bu gözlənti qiymət artımını tətikləyən, qiymət artımına səbəb olan amillərdən birinə çevrilib".