Kitablardan ƏDV götürülsə, mənəvi qələbə olar

Bununla onsuz da çətin vəziyyətdə olan nəşriyyatlar rahat nəfəs ala bilərlər

Azərbaycanda kitablar əlavə dəyər vergisindən (ƏDV) azad edilməlidir. Bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin iclasında çıxış edib. F.Mustafa bildirib ki, kitabların vergidən azad edilməsi dövlət büdcəsinə elə bir təsir göstərməz. Deputat vurğulayıb ki, xüsusilə regionlarda kitaba marağı artırmaq lazımdır: “Bir çox ölkələrdə bu təcrübə var, kitablar vergidən azad edilib. 

Bu gün Azərbaycanda insanların kitaba marağının artırılmasına böyük ehtiyac var. Kitabları əlavə dəyər vergisindən azad etməklə ölkəmizə kitabların gətirilməsini və nəşr edilməsini stimullaşdıra bilərik”.

Təklifə münasibət bildirən yazıçı-publisist, tərcüməçi Nəriman Əbdülrəhmanlı "Şərq"ə açıqlamasında bildirib ki, mövzu ilə bağlı uzun illərdir ki, mübarizə gedir. N.Əbdülrəhmanlı qeyd edib ki,  "Qanun" Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu və həmin nəşriyyatla əməkdaşlıq edən bütün qələm adamları müxtəlif təşkilatlara, Milli Məclisə, hökumətə müraciət ünvanlayıblar: 

" Qeyd edim ki, dəfələrlə müraciətlər olunub ki, əlavə dəyər vergisi ya tamamilə götürülsün, ya da minimuma endirilsin. Çünki əksər qabaqcıl ölkələrdə bu vergi ya yoxdur, ya da çox kiçik miqyasdadır, təxminən üç-beş faiz həcmindədir. Bu da təbii ki, kitabın satışına, nəşrinə, yayılmasına çox müsbət təsir göstərir. Əgər bu uzun illər davam edən mübarizə bir nəticə verərsə, əlavə dəyər vergisi doğrudan da götürələcəksə, bu, Azərbaycanın mənəvi həyatında çox böyük qələbələrindən biri olar. Çünki onsuz da çətin vəziyyətdə olan nəşriyyatlar bir qədər rahat nəfəs ala bilərlər. Kitabların maya dəyərini aşağı sala bilərlər. Bununla da oxucuların kitab almaq imkanları daha da yaxşılaşar. Çünki alıcıların əksəriyyəti tələbələr və əhalinin aztəminatlı hissəsidir. Onların imkanları o qədər deyil ki, bahalı kitablara pul versinlər".

N.Əbdülrəmanlı əlavə edib ki,  18 faiz çox böyük qiymətdir və kitabın dəyərinin beşdə bir hissəsidir:

 "Hesab edirəm ki, əlavə dəyər vergisi götürülərsə, bu, kitab nəşrinin daha da yaxşılaşmasına səbəb olacaq".