Şikayətçilər...

Elnur Rüstəmov: "Hər şeydən narazılığı psixoloji cəhətdən pozuntu kimi qəbul etmək olar"

Bu insanlar şikayət etməkdən bezmirlər. Şikayət etdikləri problemin həllini onlara təklif etdikdə, dərhal bunun işləməyəcəyinə qarşı tərəfi inandırmağa çalışırlar. Şikayətçi funksiyalarını dəyişdirmək fikrində deyillər.  
 Hər cür vəziyyəti tənqid edən mənfi enerjili insanlar, hətta çox səbirli insanları da yorur. Bu insanlar təkcə öz həyatlarını bədbəxt etməklə kifayətlənmir, həm də ətrafdakıların həyata bağlılığını və xoşbəxtliklərini maksimum dərəcədə "əritməyi" bacarırlar. Belə insanlarla daim ünsiyyətdə olan insanlarda tükənmə vəziyyəti qaçılmazdır. Bu tip insanlarla çox vaxt keçirdiyiniz zaman ruhunuzu xəstə edərlər. Yəqin ki, siz də həyatınızda bircə dəfə də olsa bu cür insanlarla qarşılaşmısınız. 

Bu şəxsləri ən gözəl ofisə, ən gözəl evə qoysaq və ona ən gözəl avtomobili versək, qüsurları görüb orada da bədbəxtliyə "qucaq" açırlar. Şikayətlər dövrümüzün ən mübahisəli məsələlərindən biridir. Cəmiyyətdə şikayətlənmək üçün pis işlər görən insanlar ola bilər, amma bu pis insanlar daha çox şikayət edirlər. Bəli, daim şikayət edən insanları tanımaq bəlkə də bu səbəbdən ən çox lazım olan şeydir! Çünki ətrafda onlar varsa, bu həm də həyat enerjimizi istismar edən birinin olduğu anlamına gəlir.

Psixoloq Elnur Rüstəmov bu barədə danışarkən bildirib ki: 

"Bu tiplər bütün dövrlərdə olub. Onları heç nə məmnun etmir, bir qismi isə hər şeyi mükəmməl görmək istəyirlər. Həm özləri bir iş görmür, həm də görülən işləri bəyənmirlər. Onlar cəmiyyətdə özlərini tapmaqda özlərini təsdiqdə çətinlik çəkirlər. Bu, dünyanın hər yerində belədir. Bu cür insanlarla mübarizədə ən effektiv üsul onlarla mübahisə etməməkdir. Mübahisə etdikdə onlarla bacarmaq çətindir. Bu gün informasiya əsri olduğu üçün bu mövzuları gündəmə gətirmək lazımdır. 

Hər şeydən narazılığı psixoloji cəhətdən pozuntu kimi qəbul etmək olar. Lakin həmin fərdlərin özləri bunu qəbul edə bilmədiyi üçün onlara normal görünür. Bu xüsusiyyət evdə də, işdə də hər yerdə problem yaradır. Bu istiqamətdə ən yaxşı yol maariflənməkdir. Hazırkı dövrdə psixologiya cəmiyyətin ictimai praktikasına çevrilməlidir. Belə olduğu təqdirdə bu kimi insanlara da yardım etmək olar. Doğrudur, hər kəsin münasibət bildirmək azadlığı var. Amma biz hər gördüyümüz hadisəyə fikir bildirməli, xüsusilə də narazı münasibət ortaya qoymalı deyilik. Bir qisim şəxs özünü buna məcbur hiss edir. Beləcə ətrafa da mənfi enerjini ötürmüş olurlar. Bu tip insanlar sonda əlbəttə yalnız qalır. Heç kim onlarla ünsiyyətə girmək istəmir və nəticədə cəmiyyətdən təcrid edilmiş olurlar. Bundan sonra daha da aqressivləşirlər. Hazırda cəmiyyətdə ən böyük savaşlardan biri emosiyalar üzərindən gedir. Emosional davamsızlıq var. Biz psixoloji cəhətdə maarifləndikcə bu tip insanlara da yardım edə bilərik".

 Biz anı bölüşdüyümüz insanların duyğu və əhval-ruhiyyəsindən təsirlənirik. Beləliklə, ətrafımızdakı insanlar hər şeydən şikayət etsələr və mənfi hisslərini ucadan söyləməkdən çəkinməsələr, oxşar hisslərimiz ola bilər.  

Unutmayaq ki, daim şikayət etmək acizlik, bədbinlik, ümidsizlik kimi mənfi hisslər gətirəcək və bütün bunlar həyatımıza və münasibətlərimizə təsir edəcək. Dünyanın heç bir yerində heç bir problemin şikayət etməklə həll edildiyi görülməyib. Əgər belə olsaydı, hər kəs bu üsula əl atardı. Şikayət etməkdən, gileylənməkdən çəkinmək bizim sağlamlığımız üçün də xeyirlidir. Lev Tolstoy gözəl deyib: "Şikayət etdiyiniz həyat bəlkə də bir başqasının xəyalıdır".