Məhkəmələr onlayn mühitdə işləməyə hazır olmalıdır


Belə olarsa, proseslərə əlçatanlıq və ictimai nəzarət imkanları da genişlənəcək

"Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” sisteminin də tam funksional mobil versiyasını hazırlamaq, ümumiyyətlə işlək mobil məhkəmə sistemini formalaşdırmaq çox faydalı olar". 
Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. Ekspert qeyd edib ki, son illərdə Ədliyyə Nazirliyi sistemində rəqəmsal transformasiya ilə əlaqəli bir xeyli addımlar atılıb:

"Bütün məhkəmələrdə iştirakçılar, şahidlər və zərərçəkənlər uzaqdan, distant formada məhkəmə sisteminə qoşula, məhkəmə çəkişmələrində onlayn formada iştirak edə bilirlərmi? Bu proseslərdə daha effektiv iştirak üçün "Mobil məhkəmə" tətbiqi varmı? Müasir qlobal çağırışlar, pandemiya ilə əlaqəli vəziyyət tələb edir ki , məhkəmələr onlayn mühitdə də işləməyə hazır olmalıdır. Məhkəmələrin onlayn mühitdə işləməsi üçün ölkəmizdə müəyyən addımlar atılmışdı. Ötən illərdə bir neçə məhkəmədə bu proses sınaqdan keçirildi, lakin görünən odur ki, sonradan ölkə üzrə yayılması nədənsə ləngidi. Ümumiyyətlə, son illər Ədliyyə Nazirliyi sistemində rəqəmsal transformasiya ilə əlaqəli bir xeyli addımlar atılıb. Ötən gün “Elektron notariat” və “Elektron icra” informasiya sistemi haqqında Əsasnamələr təsdiq edilib. Bundan öncə “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə də təsdiqlənmişdi".

O.Gündüz vurğulayıb ki, bu informasiya sistemləri artıq çoxdan aktiv işləyir: 

"Hazırda “Elektron notariat” informasiya sisteminə “söykənən” “Mobil notariat” tətbiqi ölkənin ən faydalı rəqəmsal həllərindən biridir. 100 mindən yuxarı aktiv istifadəçisi var. Dünyanın istənilən yerindən notarial hərəkətlərə imkan verir. Düşünürəm ki, indiki mərhələdə diqqət yetiriləcək məsələ bu rəqəmsal resursa inteqrasiya oluna biləcək xidmətlərin sayını artırmaq və ədliyyə sistemində digər mobil tətbiqlərin hazırlanmasına diqqət yetirmək olardı. Bu baxımdan Ədliyyə Nazirliyinin “Elektron məhkəmə ” sisteminin də tam funksional mobil versiyasını hazırlamaq, ümumiyyətlə, işlək mobil məhkəmə sistemini formalaşdırmaq çox faydalı olardı. 

Fikrimcə, "Mobil notariat"dan sonra bu, elə də ciddi problem olmamalıdır. Əslində, xatırlayıram ki, bir neçə il öncə elektron məhkəmənin mobil resursunun hazırlanması gündəmdəydi. 

Hətta ilkin, informativ versiyasının hazırlandığı da bildirildi. Lakin sonralar bunun inkişaf etdirilməsi, tam funksional mobil məhkəmə sisteminin hazırlanması nədənsə unuduldu. Hazırlanan tətbiq inkişaf etdirilmədi. Aktiv mövcud informasiya sistemi olduğu halda mobil həllin hazırlanmaması düşündürücüdür. Fikrimcə, belə bir mobil həll məhkəmə proseslərində daha effektiv iştirak etməyə, mövcud problemlərdən dolayı məhkəmələrə uzaqdan qoşulmağa, ictimai əhəmiyyət kəsb edən məhkəmə statistikasını daha effektiv əldə etməyə kömək olardı. 

Maraqlıdır ki, "Mobil notariat" sistemində identifikasiya və digər məsələlər həll olunduğu halda onlar mobil məhkəməyə inteqrasiya olunmayıb. Hazırda “Elektron məhkəmə ” portalının da dizaynı xeyli köhnəlib, interfeysi və funksionallığı istifadəçi üçün rahat deyil. 

Bu baxımdan “Mobil məhkəmə”nin hazırlanması da “Elektron məhkəmə”dən və Vahid Məhkəmə Portalından daha effektiv istifadəyə kömək olardı, mobil telefonla məhkəmə baxışlarında iştiraka şərait yaradardı, məhkəmələrə əlçatanlıq və ictimai nəzarət imkanlarını da genişləndirdə bilərdi".