Ey fələk, etmə külək! – Bakı hazır deyil: işıqsız evlər, qırılan ağaclar, aşan maşınlar... 
  

Dünən Bakı şəhəri və Abşeron yarımadasında güclü külək bir sıra fəsad törədib. Güclü külək nəticəsində yüzlərlə evdə işıq sönüb, eyni zamanda bir neçə ağac aşıb. 
 
Yazıçı-jurnalist Azər Qismət mövcud durumla bağlı Feysbuk hesabında paylaşım edib:

“"Mənə bir məsələ maraqlıdır. Bax, körpü tikiləndə neçə ton ağırlığa tab gətirəcəyi maksimum götürülür. İşıqlar sönəndə deyirlər ki, külək naqili qırdı. Bəs küləyin maksimum sürəti nəzərə alınmır?

Bax, indi Hövsanda yüzlərlə evin işığı sönüb. Yüzlərlə evin işığının yanmaması dövlətə ziyan vurub. Bu məsuliyyətsizliyə görə kommunal qurumlar cərimə edilirmi?

Bir məsələni də soruşum. Bayaq 28 may metrostansiyasının yaxınlığında neçə ağac qırıldı. Ola bilməzmi ki, Yaşıllaşdırma İdarəsi ağacların maksimum küləyə davam gətirib-gətirməyəcəyini əvvəldən ölçsün. Axı bunu əvvəldən yoxlasalar, nə adamların, nə də maşınların başına düşər".

Mövzu ilə bağlı "Sherg.aza danışan QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov deyib ki, şəhər və hakimiyyət fövqəladə hallara hazır olmalıdır:

"Bakı küləkli şəhərdir. Müəyyən tədbirlər görülməlidir. Nə qədər hazırlıq görülsədə də, kommunal şəraiti yüksək səviyyədə olan Avropa ölkələrində belə  külək fəsadlar törədir. Müqavimət qabiliyyətini itirən ağaclar budanmalıdır. Evlərin damları mütəmadi yoxlanılmalıdır. Elektrik xətlərini çəkərkən  bütün  faktorlar nəzərə alınmalıdır. Lakin müəyyən müddət keçəndən sonra belə hallar qaçılmazdır. Təbii hadisələrdən insalar ziyan görüb, görəcək də. Bu o demək deyil ki, kommunal xidmətlər əvvəlcədən hazırlıq olmamalıdır".

 S.Məmmədov bildirib ki, zərərçəkmiş tərəf  kommunal xidmətlərə qarşı hansısa iddia qaldıra bilər:

"Məhkəmə yolu  ilə dəyən zərəri, kommunal xidmətlərin səhlənkarlığından yarandığını təsdiqlədiyi təqdirdə, kompensasiya tələb edə bilər. Ağac yıxılıbsa, xidməti cərimə etmək olmur. 

Azərbaycanda könüllü sığorta sistemi yaxşı inkişaf etməyib. Əhalinin o qədər vəsaiti olmadığına görə anlayışla qarşılayırıq. Məsələn, avtomobilə zərər dəyibsə, sığorta şirkəti ödəyir. Sığorta etməyibsə, mülkiyyətinə dəyən ziyanı özü ödəməli olur. Hesab etsək ki, şəxsə ziyan  başqalarının günahına görə dəyib. Onda tələb etmək haqqı var".

Ekspertin sözlərinə görə, ağacları vizual olaraq yoxlamaq mümkündür:

"Güclü külək ən cavan ağacı belə aşıra bilər. Həm görünən, həm də görünməyən risk var. Ağacın özü sağlamdır, kökü tab gətirməyəndə külək aşırır. Bunu əvvəlcədən təyin etmək çətindir. Bəzən yoxlanılsa belə, bilinmir.

Ümumiyyətlə, ağacların kəsilməsi adi hal alıb. Ağacların budanması və kəsilməsi  Ekologiya  və Təbii Sərvətlər Nazirliyi  və digər müvafiq qurumlarla razılaşdırılmalıdır".