Böyük faciə yaşana bilərdi

5-ci sinif şagirdini qaçıran “Mitsubishi”nin sürücüsü axtarılır

Novella Cəfəroğlu bildirib ki, məktəblərin güclü mühafizəsinə ehtiyac var


Bakının Sabunçu rayonunda azyaşlı qız məktəbdən çıxarkən onu naməlum şəxs avtomobilinə zorla itələyərək bıçaqla hədələyib. Hadisə Mehdiabad qəsəbəsinin Umudvar Əliyev küçəsində qeydə alınıb. Əjdər Hüseynov adlı şəxs APA-nın qaynar xəttinə müraciət edərək bildirib ki, ötən gün 18 radələrində nəvəsi Z.Q 188 saylı tam orta məktəbdən çıxıb qardaşını axtararkən naməlum şəxs onu zorla avtomobilə mindirərək ərazidən uzaqlaşıb. APA-nın müxbiri baş vermiş hadisə ilə bağlı məktəblinin yaşadığı ünvanda olub. 

Z.Q sözügedən məktəbin beşinci sinif şagirdidir. Azyaşlının nənəsi Mədinə Hüseynova bildirib ki, hər iki nəvəsi məktəbdə ikinci növbədə təhsil alır. Z.Q dərs bitdikdən sonra qardaşını axtarmaq məqsədilə çölə çıxıb. Naməlum şəxs onu ağ avtomobilə mindirib. Lakin bir neçə yüz metr getdikdən sonra uşaq avtomobildən düşərək qaçıb. Z.Q-nın bildirdiyinə görə, ona bıçaqla hədə-qorxu gələn şəxs onu “Mitsubishi” markalı avtomobilə əyləşdirərək maşından düşməməyi tapşırıb. Deyib ki, özünü onun qızı kimi aparsın. Bir neçə yüz metr gedəndən sonra sürücü ətrafdan keçənlərdən Zabrat istiqamətinə yolu soruşub. Bu zaman Z yolda sinif yoldaşının valideyni ilə birlikdə evə getdiyini görüb. Uşaq dərhal maşından düşərək həmin valideynin yanına qaçıb. Avtomobili idarə edən naməlum şəxs ərazidən uzaqlaşıb. Faktı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları araşdırır. Qeyd edək ki, məktəbin ön kamerası işləmir. Lakin küçədə olan müşahidə kameralarından aydın olub ki, Z-nı ağ rəngli “Mitsubishi” markalı nəqliyyat vasitəsini idarə edən sürücü qaçırıb.

Məlum olayı “Şərq”ə dəyərləndirən hüquq müdafiəşisi Novella Cəfəroğlu bildirib ki, məktəblərin güclü mühafizəsinə ehtiyac var. Ekspert qeyd edib ki, bu gün orta məktəblərdə mühafizə çox zəifdir:

 “Bizim vaxtımızda Komsomol, pioner var idi. Ancaq indi onların yerinə biz heç nə gətirməmişik. Məktəblərdə uşaqları başlı-başlına buraxıblar. Uşaqlar məktəblərdə biri-birləri ilə ünsiyyətdə olmalıdırlar, danışmalıdırlar. Uşaqlar məktəblərdə bir-birini yaxşı tanımalıdır ki, belə hadisələrdə bir-birini qoruya bilsinlər. Sözsüz ki, Daxili İşlər Nazirliyi bu məsələni axıra kimi yoxlamalıdır”.