Onların arasında mülkünü itirmiş, xəstə insanlar var


Almaniyadan Azərbaycana deportasiya olunan şəxslər taleyin ümidinə buraxılmayacaq

Noyabrın 25-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 43 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qaytarılıb. Bunu Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Elnur Kələntərov bildirib. O qeyd edib ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

 Mövzuya münasibət bildirən Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov "Şərq"ə açıqlamasında vurğulayıb ki, vaxtaşırı Almaniyadan Azərbaycana müəyyən sayda vətəndaşlarımız deportasiya olunur. Ekspertin sözlərinə görə, onlar readmissiya sazişi çərçivəsində deportasiya olunurlar: 

“Bunlar o şəxslərdir ki, qeyri-qanuni əsaslarla Almaniyada yaşayırlar. Bunlar əsasən vaxtilə qaçqın statusu üçün müraciət etmiş şəxslərdir ki, sonradan onların müraciətləri mənfi dəyərləndirilib. Bu şəxslər çox güman ki, sosial və siyasi səbəblərdən Almaniyaya üz tutanlardır. Təbii ki, hər bir müraciət Almaniya tərəfindən dəyərləndirilir. İstər siyasi, istər sosial statusla, istərsə də dini etiqad ilə bağlı olsun və s. bütün məsələlər araşdırılır. Bir qayda olaraq, müraciətin əsası təsdiqini tapdıqda Almaniya hökuməti həmin şəxslərə qaçqın statusu vermiş olur. Bu 43 nəfərin müraciətinin mənfi dəyərləndirilməsi onu göstərir ki, onların gətirdiyi səbəblər sonradan öz təsdiqini tapmayıb və Almaniya hökuməti onlara imtina cavabı verib. Təbii ki, bizim aidiyyəti qurumlar da həmin şəxslərlə bağlı müəyyən qiymətləndirmələr aparacaq. Çünki onların içində öz mülkünü itirmiş, səhhətində problemləri olan insanlar ola bilər. Azərbaycanda bu səbəbdən onlarla ilkin sorğular keçiriləcək və ümumi vəziyyətləri dəyərləndiriləcək”.