Hərbi qulluqçulara sosial şəbəkələrlə bağlı qadağa qoyulub


Addım məcburiyyətdən atıldı, çünki yazılı, şifahi xəbərdarlıqlar, bizim çağırışlar fayda vermədi

Azərbaycanda hərbi qulluqçuların fəaliyyəti ilə bağlı qadağalar müəyyən edilir. Bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb. Yeni qanun layihəsinə əsasən, hərbi qulluqçulara tətil etmək, seçkili orqanlarda vəzifə tutmaq, siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq, yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq, daimi yaşayış üçün xaricə getmək, siyasi və dini təbliğatla məşğul olmaq, dövlət sirrini yaymaq, komandirlərin (rəislərin) qanunla müəyyən edilmiş qaydada verilmiş əmrlərini, sərəncamlarını və göstərişlərini müzakirə etmək və ya tənqid etmək, hərbi xidmətlə bağlı kütləvi informasiya vasitələrinə və ya onların nümayəndələrinə komandirlərin (rəislərin) icazəsi olmadan birbaşa müsahibə vermək, hərbi xidmət vəzifələrinin icrasının dayandırılmasına yönəlmiş hərəkət (hərəkətsizlik) etmək, qadağan olunmuş əşya və ya texniki vasitələri (cihazları) hərbi hissənin ərazisinə və xidmət yerinə gətirmək və onlardan istifadə etmək, sosial şəbəkələrdə, internet informasiya ehtiyatlarında hərbi xidmətlə bağlı məlumatları yaymaq, xidməti mənsubiyyətini açıqlamaq qadağan edilir.

Mövzuya münasibət bildirən hərbi ekspert Ədalət Verdiyev “Şərq”ə açıqlamasında bildirib ki, hərbi qulluqçuların sosial şəbəkələrə girməsiylə bağlı qadağa daim olub. Ekspert qeyd edib ki, sadəcə, hərbi qulluqçularımız qadağalara əməl etmirdilər: 

“Onların bir neçəsi yaxın keçmişdə orduda xidmətdən azad edilmişdilər. Bu addım çox məcburiyyətdən atıldı. Çünki yazılı, şifahi xəbərdarlıqlar, bizim çağırışlarımız fayda vermədi. Bəzən telefonlardan, sosial şəbəkələrdən istifadə dövlət və hərbi sirrlərin paylaşılmasına, o cümlədən əsgərlərimizin mövqeləri, döyüşlərin nəticələri barədə düşmən tərəfə təsdiqlənmiş məlumatların ötürülməsiylə nəticələndi. 

Bu isə orduda xidmət edən digər hərbi qulluqçuların həyatı üçün real təhlükə törədir. Digər tərəfdən dövlətin maraqlarına da çox ciddi zərbə vurur. 

Düşünürəm ki, bu, doğru addımdır. Hərbçilərin rabitə əlaqəsini təmin etmək üçün kifayət qədər şifrələnmiş hərbi rabitə vasitələri mövcuddur və onlar bu vasitələrlə təmin ediliblər. Ancaq sosial şəbəkədə olmaq, kameralı telefondan istifadə etmək qadağandır. 

Hesab edirəm ki, bu çox doğru addımdır və birbaşa təhlükəsizliyin təmin olunmasına yönəlib”.