İnformasiya təhlükəsizliyi sabitliyin qarantıdır

Bu istiqamətdə kadrların hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsi üçün resurslar artırılmalıdır

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

Dövlətin və millətin mövcudluğu üçün zəruri olan təhlükəsizlik və milli maraqlar bir-birini tamamlayan əsas faktorlardır. Belə ki, təhlükəsizlik mühiti olmadan milli maraqlar, milli maraqlar təmin edilmədən isə təhlükəsizlik şəraiti yaradıla bilməz. Təhlükəsizlik, bu baxımdan informasiya təhlükəsizliyi ölkənin, millətin, xalqın və nəhayət, hər bir vətəndaşın riayət etməli olduğu yaşam tərzi kimi sabitliyin qarantıdır. Bu gün cəmiyyət informasiyalaşdıqca, insanlar informasiyadan daha artıq dərəcədə asılı vəziyyətə düşürlər. İnformasiya təhlükəsizliyinin təmin olunmaması isə cəmiyyət üçün böyük fəsadlar törədə bilər. Hər hansı ölkədə informasiya təhlükəsizliyinin prioritetləri dövlətin, cəmiyyətin və vətəndaşların maraqlarının balanslı nisbəti əsasında müəyyənləşir. Ölkədəki siyasi, hərbi, fövqəladə və s. vəziyyətlərdən asılı olaraq bu nisbət dəyişə bilər. İnformasiya təhlükəsizliyinin təmin edilməsi sistematik, kompleks yanaşma tələb edir.  Bu gün İnformasiya təhlükəsizliyimiz hansı vəziyyətdədir?

Sualımıza aydınlıq gətirən Azərbaycan İnternet Forumunun prezidenti, “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru  Osman Gündüz “Şərq”ə açıqlamasında vurğulayıb ki, son illər Azərbaycanda bu istiqamətdə müəyyən addımlar atılıb. O qeyd edib ki, Prezidentin fərmanı ilə üç il öncə informasiya təhlükəsizliyinə cavabdeh qurumların Koordinasiya Komissiyası formalaşıb: 

“Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəhbəri, general Mürsəl Vəliyev Komisssiyanın rəhbəri təyin edilib. Son zamanlar bu Komissiyanın təhlükəsizlik problemləri ətrafında bir neçə əhəmiyyətli müzakirələri də keçirilib. Müharibə zamanı informasiya təhlükəsizliyi ilə bağlı müəyyən problemlər olsa da, DTX və XRİT Dövlət Xidmətinin apardığı işlər təqdirəlayiq olub. Qeyd edim ki, son illərdə dövlət və qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinə cavabdeh qurumlarda struktur dəyişiklikləri aparılıb. Həmçinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında  Elektron Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edilib. Prezident “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Fərman imzalayıb ki, bununla da auditi məcburi olan qurumlar müəyyən olunacaq”.
O.Gündüz qeyd edib ki, görülən işlərlə yanaşı bir sıra problemlər də qalmaqdadır: “Düşünürəm ki, ölkəmizdə informasiya təhlükəsizliyi sahəsində uzun müddətdən bəri həllini gözləyən problemlər də yetərincədir. Birincisi, Prezidentin fərmanı ilə üç il bundan öncə Koordinasiya Komissiyasının hazırlanmalı olduğu "İnformasiya təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Milli Strategiya" hələ də ortada yoxdur. İkincisi, dövlət sektorunda təhlükəsizliyə cavabdeh olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin az qala iki il olar ki, Əsasnaməsi təsdiqlənməyib. Üçüncüsü, dövlət qurumlarında “Kaspersky Lab”, “TrendMicro” və ya digər bir xarici qurumun təhlükəsizlik həllərinin tətbiqi məsələlərinə aydınlıq gətirilmədiyindən hansı dövlət qurumu hansını istəyirsə, onu da tətbiq edir. Bundan başqa kritik informasiya infrastrukturuna hansı dövlət qurumlarının informasiya resurslarının daxil ediləcəyi hələlik müəyyənləşməyib. Müxtəlif kiberhücumlarla (SMS, email, zənglər və s. vasitəsilə) fərdi məlumatların, sosial media hesabların oğurlanması (Bank kartları məlumatları və s.), hallarının çoxalması bir daha onu göstərdi ki, kibertəhlükəsizliklə bağlı qurumlar arası koordinasiyada və vətəndaşların rəqəmsal savadlılığının artırılmasında problemlər qalır”.

Ekspert xüsusən qeyri-dövlət sektorunda kibertəhlükəsizliklə bağlı problemlərin həllinə diqqət artırılmasının vacib olduğunu qeyd edib:

 “Kibercinayətlərlə bağlı DİN və DTX arasında səlahiyyət bölgüsü hələ də konkretləşməyib.  DİN nəzdində Kibercinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi yaradılmayıb. Fərdi məlumatların qorunması haqqında qanunvericilik Avropa standartlarına uyğunlaşdırılmayıb. Hesab edirəm ki, informasiya təhlükəsizliyi sahəsində kadrların hazırlanması və beynəlxalq təcrübənin öyrənilməsi üçün resurslar artırılmalıdır. Yeri gəlmişkən, uzun müddət davam edən ictimai mübarizədən sonra "İnformasiya təhlükəsizliyi" ixtisasını seçənlərdən Kimya əvəzinə İnformatikadan imtahan götürüləcəyi ilə bağlı DİM-in yeni qərarını da sektorda uğur kimi nəzərə almaq olar”.