Xarici çevrələrin drijor çubuğu ilə fəallaşan üzdəniraq soydaşlarımız

Ermənilərlə eyni düşüncəyə və niyyətə sahib olanlar üçün hədəf şəxsi mənfəət, maddi qazanc əldə etməkdən ibarətdir      
30 il davam edən erməni işğalına təkbaşına son qoyaraq tarixi ədaləti bərpa edən qalib Azərbaycanın dünyada nüfuzunun daha da artması, dövlətimizin yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsi ölkəmizi sevməyən dairələri, erməni lobbisini ciddi narahat edir. Artıq bir müddətdir anti-Azərbaycan fəaliyyətini daha da gücləndirən bu dairələrin xaricdə yaşayan azərbaycanlı fəallardan zaman-zaman istifadə etmələri yeni məsələ deyil. Təəssüf doğuran bu arzuolunmayan birlik son günlər daha qabarıq şəkildə görünməkdədir. Bu şəxslər neçə gündür ki, ardıcıl formada heç nədən çəkinmədən ermənilərlə eyni mövqe sərgiləyən bəyanatlara müəlliflik edirlər. 

Son bir həftədə baş verən faktlara diqqət edək: 

- AŞPA-nın Hüquq Komitəsinin Parisdə keçirilən iclasında İsveçrədə yaşayan azərbaycanlı fəal Emin Hüseynovun təşkilatçılığı ilə Azərbaycan Ordusunun nüfuzdan salınması ilə bağlı hazırlanmış və bir sıra Avropa deputatları tərəfindən imzalanan qətnamənin qəbuluna cəhd olunur. 
- Hazırda ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızı “Osmanqızı TV”- də “Kaş ki, Paşinyan bizim prezidentimiz olaydı” bəyanatını səsləndirir.

- “Qarabağ”ın dünənki oyunundan sonra Fransada yaşayan müxalifətçi Məhəmməd Mirzəli “Qarabağ” futbol komandasını radikal islamçıların idarə etdiyi barədə status paylaşır: “Qarabağ futbol komandasını radikal islamçıların idarə etdiyin eşitmişdim, amma inanmırdım. Dünən axşam buna əmin oldum ki, bu adamlar yeri gəlsə, stadionun ortasında başda kəsərlər. Yəni bu qədər əclaf adamlardır”.

Başqa misallar da göstərmək mümkündür. Bu adamların Azərbaycan əleyhinə açıq şəkildə düşməncəsinə fəaliyyətinin arxasında erməni lobbisinin dayandığını görməmək mümkün deyil. Hərəkətə gətirilən azərbaycanlı fəallar ictimai narazılığın artması, qarmaqarışlığın yaranması üçün  Azərbaycan üzərindən ən çirkin ssenarilərdə yer almağa başlayıblar. 
Ölkəmizə qarşı aparılan kampaniyanın anti-Azərbaycan qüvvələri, erməni lobbisi tərəfindən idarə olunduğu xaricdə yaşayan azərbaycanlı fəalların davranışları ilə bir daha təsdiqlənir. Bir ana xətt seçilib - Azərbaycan dövlətini, onun Prezidentini maksimum gözdən salmaq. Və bunun üçün ən yaramaz addımlara belə getmək. Əks təqdirdə hakimiyyətdən narazılıq mahiyyətinə uyğun ifadə olunardı. Bu şəxslərin, eləcə də xaricdə olan başqa müxalifətçilərin fəaliyyətində hakimiyyətdən narazılıq kiçik bir detal kimi istifadə olunur. Daha çox dövlətin imicinə zərbə vurulması üçün reallığa əsaslanmayan fikirlər səsləndirilir, fəaliyyət ortaya qoyulur.
Erməni lobbisinin bundan öncə də Azərbaycan əleyhinə istifadə etdiyi məkrli planlarda azərbaycanlı fəalların, müxalifətçilərin daha çılpaq formada istifadə olunması bu gün açı gerçəklik kimi qarşımızda durub. Belə ünsürlərdən yararlanaraq ölkəmizə qarşı planlaşdırılan ssenarilər uğursuzluğa məhkumdur. Eyni 3-5 sifətin arxasında kimlərin durmasını cəmiyyət yaxşı anlayır. Sığındıqları ölkələrdə belə orada yaşayan soydaşlarımızın bir nəfərinin də olsa dəstəyini ala bilməyən ünsürlərin Azərbaycanda ictimai rəyi çaşdırmaları baş tutmayacaq. 

Yalanlarla, təhqirlərlə, öz dövlətinə qarşı düşmən münasibətlə nəyəsə nail olmağın mümkünsüzlüyünü ola bilməz ki, bu şəxslər dərk etməsin. Görünən odur ki, sifarişi verənlər məhz bu yolu-Azərbaycan dövlətini təhqir etmək, qeyri-etik yollarla onu ləkələməyi əmr edib. 

Ən iyrənc yollara baş vurulmasından asılı olmayaraq, hansısa çirkli planların Azərbaycanda ayaq tutub yeriməsi imkanları minimum səviyyədədədir. Çünki xalq iyrənc, qorxunc planlarda alət olanları yaxşı tanıyır, onların keçmişlərinə bələddir. Ermənilərlə oxşar mövqe sərgiləyənlər həmişə Azərbaycanın uğurlarına sevinmək kimi hisslərə tamamilə yad olduqlarını fəaliyyətləri ilə sübut ediblər.

Elə məsələlər var ki, orada müxalifətçilik bir kənara qoyulmalıdır. Əgər söhbət Azərbaycanın nüfuzunun hansısa xarici dairələr tərəfindən məqsədli şəkildə ləkələnməsindən gedirsə, orada ümumiyyətlə, müxalifətçilik olmamalıdır. Hər hansı çatışmazlıq olsa belə, onu ictimailəşdirmədən, başqa formada çatdırmalısan, öz Vətəninin imicinin korlanmasına cəhdlər olan yerdə müdafiə etmək istəmirsənsə, heç olmasa, susmalısan. Bunun üçün isə içində, ilk növbədə Azərbaycan yanğısı, vətənpərvərlik olmalıdır.

Amma biz onun şahidiyik ki, bu hisslər adları çəkilən adamlara tam yaddır. Onlar çoxdan bütün mənəvi dəyərləri tapdalayaraq Azərbaycana qarşı olan çevrələrə satılıblar.  Ermənilərlə eyni düşüncəyə və niyyətə sahib olanlar üçün öz ölkəsinin maraqları, mənafeyi anlayışı yoxdur, yalnız şəxsi mənfəəti, xidmət etdiyi dairələrdən maddi qazanc əldə etmək hədəfi var.

Elman Babayev