Ukraynada Heydər Əliyevin ruhuna kimsəsiz uşaqlara ehsan paylanıb


Kiyevdə Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, səfirliyin əməkdaşlarının, diaspor nümayəndələrinin, Ukraynada yaşayan azərbaycanlıların və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə əvvəlcə Heydər Əliyevin adını daşıyan parkda abidəsi önünə əklil və gül dəstələri düzülüb. Heydər Əliyevi anmaq üçün abidə önünə kütləvi insan axını olub. Ruhuna dualar oxunub.

Abidə önündə çıxış edən Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan bəhs edərək xatırladıb ki, hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin zəfərə yetirdiyi müasir qalib Azərbaycanın qurucusu məhz Ulu öndərdir. O, bütün dünya azərbaycanlılarının daim Heydər Əliyevi ehtiramla yad etdiyini bildirib.

Çıxış edən Ukrayna Azərbaycanlıları Radasının (UAR) həmsədri, Kiyev Azərbaycanlıları Konqresinin sədri Oleq Krapivin, UAR-nın Aparat rəhbəri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diaspor təşkilatının sədr müavini Elşad İbrahimov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Baş Katibi Xəyyam Həqiqətoğlu, diaspor üzvü Şeyx Şakir Yəhyayev və digər diaspor nümayəndələri anım günü ilə bağlı fikirlərini bölüşərək bildiriblər ki, Heydər Əliyev dünyanın bir çox ölkələrində olduğu kimi Ukraynada da Azərbaycan diasporunun təməl memarıdır.

Daha sonra səfirlik tərəfindən anım günü ilə bağlı Kiyevdə “Ata evi” adlı uşaq tərbiyə mərkəzində kimsəsiz uşaqlar üçün ehsan paylanılıb. Səfirlik əməkdaşları 60 nəfərlik kimsəsiz uşaqların qayğıları ilə maraqlanıblar.