Vaqif Qarayev: “Tibbi baxımdan erkən yaşlı qızların hamilə qalması həm ananın, həm də dünyaya gələn körpə orqanizminə son dərəcə ziyanlıdır. Bu, pedofiliyadır”
Mehriban Zeynalova: “Əsas mahiyyət bundan ibarətdir ki, belə məsələlər kütləvi xarakter daşımasın”
15 yaşlı uşaq ana olub. 2006-cı il təvəllüdlü Qazax rayon sakini S.T. (ad şərtidir) oğlan uşağı dünyaya gətirib. Doğum paytaxtın Nərimanov rayonunda özəl klinikaların birində qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşları araşdırma aparır.
Qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı 18 müəyyən olunub. Üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərə yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı icazə verə bilər. Onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına razılıq mümkündür.
Azyaşlının uşaq dünyaya gətirməsi barədə “Sherg.az”a danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bəzi hallarda bunların əsas amilini bilmək çətin olur:
“Bu, arzuolunmaz hamiləlik, yaxud könüllü cinsi münasibət zəminində baş verə bilər. 15 yaşlı uşağın könüllü cinsi münasibətdə olması belə qanuna görə, cinayətdir. Əslində hadisə cinsi zorakılıq kimi qiymətləndirilməlidir. Qazax rayonundan erkən nikahlar çox az hallarda baş verir. Araşdırmalardan sonra daha ətraflı şərh etmək mümkün olar. Erkən nikahdırsa, maarifləndirməni gücləndirmək lazımdır. Əsas mahiyyət bundan ibarətdir ki, belə məsələlər kütləvi xarakter daşımasın”.
Həmçinin həkim-pediatr Vaqif Qarayev qeyd edib ki, insan reproduktiv orqanları mükəmməl inkişaf səviyyəsinə çatmalıdır:
“Hamilə qalmaqla yanaşı, ana uşağı bətnində sona kimi daşıya biləcəkmi? Əksər hallarda belə insanlar hamiləliyi axıra kimi çatdıra bilmir. Düşüklər olduqdan sonra isə təkrar hamilə qalmaq mümkün olmur. Bu, ana orqanizmidir. Həmçinin onlar hər dəfə psixoloji travma alır. 39-40 həftəlikdən dünyaya gələn uşaqların bütün orqanları kifayət qədər inkişaf etmiş vəziyyətdə olur. Artıq onların bütün orqanları doğulacaq inkişaf səviyyəsindədir. Amma erkən yaşda ana bətnindəki uşaq heç 30 həftəyə çatmır. Hamiləlik sonlanır. İstər əqli, istərsə də fiziki qüsurlar qaçılmaz olur. Fiziki, əqli qüsurlar olmasa belə, həftə səkkiz, mən doqquz xəstələnirlər. İlin bütün ayı xəstəxanalarda olurlar. Böyüməsələr, ondan yaxşıdır”.
V.Qarayev bunu da əlavə edib ki, reproduktiv yaş həddi 18-dir:
“Ondan tez olmaz. Ona görə də bütün dünyada nikaha daxilolma yaşı barədə qanunlar qəbul olunub. Təkcə hamiləlik yox, 18 yaşlı insanın başqası ilə birgə yaşayışı bacarmalıdır. “Qız uşağını tez vermək lazımdır, evdə qalana pis baxırlar” kimi düşüncə tərzinə malik insanlara rast gəlirik. Bunlar, mənəvi qandallardır. Bəzən dini tərəfləri də nümunə gətirərək fikirlərini əsaslandırmağa çalışırlar. Cəmiyyətimiz qızlara təhrif olunmuş şəkildə baxır. Azərbaycanlı kimi elə düşüncəli insanları qınamıram. Amma həkim kimi qəti əleyhinəyəm. Tibbi baxımdan erkən yaşlı qızların hamilə qalması həm ananın, həm də dünyaya gələn körpə orqanizminə son dərəcə ziyanlıdır. Bu, pedofiliyadır”.