Salatın Əsgərovanın adı şəhid edildiyi kəndə verilsin

Yadigar Məmmədli Qənirə Paşayevanın təşəbbüsünü dəstəklədi

"Anadan olduğu evin yerləşdiyi küçə, təhsil aldığı məktəb və başqa yerlər də şəhid həmkarımızın adını daşıya bilər"

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva şəhid jurnalist Salatın Əsgərova ilə bağlı təkliflə çıxış edib. Deputat bildirib ki, dekabrın 16-sı tanınmış jurnalist, şəhid Milli Qəhrəmanımız Salatın Əsgərovanın anadan olmasının 60 illik yubiley günü olacaq. Dövlətin və xalqın hər zaman Salatın Əsgərovanın xatirəsini uca tutduğunu deyən millət vəkili Salatın Əsgərovanın 60 illik yubileyində onun şəhid olduğu kəndin “Salatınkənd” adlandırılmasını dövlət qurumlarından xahiş edib: “Salatın xanımı tanıyırdım. 

Sonra tale elə gətirdi ki, onun kiçik yaşlardan anasız böyüyən oğlu Ceyhunla bir kollektivdə çalışdıq. Bu ilin yanvar ayında Salatın Əsgərovanın erməni qatilləri tərəfindən qətlə yetirilməsinin 30 ili tamam oldu. Salatın Əsgərova şəhid olan zaman ozamankı dövlət rəsmiləri onun qətlə yetirildiyi kəndə Salatın Əsgərovanın adının veriləcəyini və “Salatınkənd” adlanacağını vurğulamışdı. Ancaq illər sonra oğlu Ceyhun Əsgərovun araşdırmaları zamanı 1998-ci ildə kəndin adının dəyişdirildiyi, amma “Salatınkənd” adlandırılmadığı aydın oldu. Salatın Əsgərovanın 60 illik yubileyində övladının və bir çox həmkarımızın, ziyalıların xahişini dövlət rəsmilərinə çatdırırıq. 

Milli Qəhrəmanımızın şəhid olduğu kəndin onun şərəfinə öz adı ilə adlandırılmasını xahiş edirik”. Milli Məclisin üzvü əlavə edib ki, şəhid qəhrəmanımızın peşəkar jurnalist olan yeganə övladı da 1 ildir işsizdir: “Məncə, əlaqədar qurumlar bu məsələyə də biganə qalmamalıdır. Mədəniyyət komitəsinin dəstəyi ilə Salatın Əsgərovanın 60 illik yubileyi ilə bağlı Zoom üzərindən bir sıra təşkilatların iştirakı ilə konfrans keçiriləcək. Onlarla azərbaycanlı gəncə jurnalist fəaliyyəti yolunda böyük örnək olan Salatın xanımı bir daha rəhmət və sayğı ilə anırıq!”. Məlumat üçün bildirək ki, Azərbaycanın Milli Qəhrəmanı, tanınmış jurnalist Salatın Əsgərova 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında erməni silahlıları tərəfindən amansızcasına qətlə yetirilib. O, Azərbaycanın ilk şəhid qadın jurnalistidir. Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. 

Parlament üzvünün yenidən gündəmə gətirdiyi təkliflə bağlı “Şərq”ə danışan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli həmkarımızın adının şəhid edildiyi kəndə verilməsi təşəbbüsünə hər zaman qoşulduğunu deyib. Jurnalist bildirib ki, indiki halda millət vəkili Qənirə Paşayevanın da təşəbbüsünə qoşulur. Yadigar Məmmədlinin fikrincə, bu məsələdə başqa məqamları da nəzərə almaq lazımdır: 

“Əksər yer adları, kəndlərimizə verilən adlar qədim dövrlərə təsadüf edir. Bir çox kəndlərimiz tarixi əhəmiyyət kəsb edən müəyyən əlamətlərinə əsasən adlandırılıb. Görünür, məhz həmin nüansları nəzərə alaraq, ad dəyişimi reallaşmayıb, çağırışlarımıza müsbət cavab verilməyib. 

Bəlkə sözügedən kənd sakinlərinin fikirləri başqadır. Yəni müxtəlif səbəblər ola bilər.

 Əlbəttə, indiyədək bir çox şəhər, kənd adları dəyişdirilib, daha doğrusu, əvvəlki tarixi adları bərpa edilib, amma bunların hamısının obyektiv səbəbləri olub. Yeni salınmış qəsəbə və kəndlərə, hansısa küçəyə, bulaqlara şəhid adının verilməsi daha rahat olur. 

Başqa formada da şəhid adlarının əbədiləşdirilməsi mümkündür. Salatın Əsgərovanın adının əbədiləşdirilməsi ilə bağlı fərqli üsullar var. Şərt deyil ki, mütləq şəhid edildiyi kənd olsun. Yaşadığı yerdə adının əbədiləşdirilməsi mümkündür. 

Anadan olduğu evin yerləşdiyi küçə, təhsil aldığı məktəb və başqa yerlər də şəhid həmkarımızın adını daşıya bilər”.