Binəqədinin hakimi qanunları tapdalayır

18 min manatın taleyi həll olunmur

"Təsəvvür edə bilməzsiniz, hakim deyir, “nə edə bilərəm, qadın xeylağıdı, türməyə salım?!”

“2019-cu ildə bir nəfərə 18 min manat borc pul vermişəm. İki ildir, pulumu geri ala bilmirəm”.  Anar Həbib oğlu Əmrahov belə bir şikayətlə “Şərq”ə müraciət etdi. Məhkəmənin qərarının icra edilmədiyini deyən Anar Əmrahov başına gələnləri danışdı:

- 2019-cu ildə bir tanışımın xahişi ilə onun rəfiqəsinə 18 min manat borc pul verdim. Xanım dedi ki, 1-2 aya pulu qaytaracaq. Artıq 2 il keçir, hələ də pulu qaytarmayıb. Üstəlik, az qala məni borclu çıxarır. Pulu həmin şəxsə notarial qaydada vermişəm. Sənədli-sübutlu. 

Sənəddə qeyd olunurdu ki, pulu  alan şəxs 3 ay müddətində qaytarmalıdır. 3 aylıq müddət keçdikdən sonra sənəd qüvvəsini itirdi. Mən məhkəməyə iddia ərizəsi ilə müraciət etdim. 

Pulu alan xanım Binəqədi rayonu, Dərnəgül qəsəbəsindəki yataqxanalardan birində yaşayır, amma Ağdam rayonunda qeydiyyatdadır. Buna görə də işə Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Ağdam Rayon Məhkəməsində baxıldı. Xanım da məhkəmə prosesində iştirak etdi.

 Məhkəmə mənim – zərərçəkmişin xeyrinə qərar çıxardı. Lakin xanım məhkəmənin qərarından apelyasiya şikayəti verdi və bu dəfə işə Gəncə Apelyasiya Məhkəməsində baxıldı. Gəncə Apelyasiya Məhkəməsi də Ağdam Rayon Məhkəməsinin qərarını düzgün hesab etdi və pulun qaytarılmasına dair qərar verdi.

 Amma xanım yenə qərarla razılaşmadı və Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmə də məni haqlı saydı. Başqa cür ola da bilməzdi. Çünki ortada sənəd, sübut var. Qərarın icrası isə xanım  hazırda Binəqədi rayonu ərazisində yaşadığı üçün Binəqədi Rayon Məhkəməsinə həvalə edildi. O vaxtdan da iş düyünə düşüb. Binəqədi Rayon Məhkəməsinin hakimi Abbas Rzayev başıma oyun açır. Aylardır, məni get-gələ salıb. “Gözlə, pulunu alıb, qaytaracam”, deyir, məni yola salır. Artıq 1 ildir. Məni süründürürlər. Təsəvvür edə bilməzsiniz, hakim deyir, “nə edə bilərəm, qadın xeylağıdı, türməyə salım?!”. Deyirəm, barəsində axtarış verin, çağırış göndərin, tələb edin. Məhkəmənin qərarı icra olunmalıdır. Məhkəmə qərarlarının ərazi üzrə icraçıları var.  Onlara tapşırın, qərarın icrasını həyata keçirsinlər. Lakin heç bir tərpəniş yoxdur. 

A.Əmrahov Binəqədi Rayon Məhkəməsinin yarıtmaz işindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ədliyyə Nazirliyinə  şikayət məktubu göndərəcəyini dedi.