Kiçik dönərxanaları ləğv etmək lazımdır

Çünki “ucuz ətin şorbası olmur” 

İqtisadçı: "Dönərxana işlədən sahibkarın bankda depozit yatırımı olmalıdır. Bununla sahibkar özünün ciddi bizneslə məşğul olduğunu göstərəcək, müştərilərin də etibarını qazanacaq"

Bakıda dönərdən zəhərlənmə faktına görə cinayət işi açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.
Xatırladaq ki, srağagün paytaxtda 8 nəfər qida zəhərlənməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilmişdi. Araşdırmalar nəticəsində bu şəxslərin "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yedikləri müəyyən edilib. Xəstəxanaya yerləşdirilənlərdən vəziyyətləri yaxşı olduğu üçün Qüdrət Ömərov, Murad Xəlilovun vəziyyəti qənaətbəxş olduğu üçün onlar evə buraxılıb. Bayramov Cavid, Fəttahova Tünzalə, Əliyev Həmid, Soltanov Səid, Soltanov Maqsud, Mirzəyev Rafiqin isə müalicəsi davam etdirilib. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. 
Hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub. Obyektin fəaliyyəti dayandırılıb. Nəsimi Rayon Polis İdarəsində istintaqa başlanılıb. 
Metronun “28 May” metrostansiyasının ətrafı əhalinin sıx, gediş-gəlişin intensiv olduğu ərazidir. Dönərxanalar, ticarət və digər iaşə obyektləri adətən belə ərazilərdə fəaliyyət göstərir. Və məhz belə ərazilərdə ucuz dönərlər satılır. Sahibkarlar ətrafda təhsil müəssisələrinin, mağazaların olduğunu nəzərə alıb məktəbli və  tələbələrin, həmçinin ucuz işçi qüvvəsinin cibinə uyğun qiymətə dönər satmağa üstünlük verirlər. Məsələn, avtobus dayanacaqları yaxınlığında da içərisinə dönərçinin güclə sıxışdığı, kiri-pası uzaqdan görünən balaca köşklərdə  adətən ucuz dönərlər satılır - 1 manat 50 qəpiyə, 2 manata. “28 Mall”ın qarşısı isə nisbətən “xodovoy” yer olduğundan ayran da əlavə edilməklə toyuq dönəri paketi 2  manat 80 qəpiyə də satılır. 
Onu da xatırladaq ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, təxminən 2 ay əvvəl dönərxanaların fəaliyyətinin  sağlamlaşdırılması layihəsinin icra olunduğunu, “Nümunəvi Dönər Biznesi” layihəsinin kiçik və orta sahibkarlığa kömək məqsədi daşıdığını bildirmişdi. Layihə çərçivəsində bir neçə dönərxanaya müasir avadanlıqlar verilmişdi. Qeyd edilirdi ki, mütəxəssislər tərəfindən hər cür metodiki köməkliyin göstərilməsi, qida təhlükəsizliyi üzrə işçi heyətin təlimatlandırılması, həmçinin keyfiyyətə nəzarət məqsədilə dövri qiymətləndirilməsi kimi tədbirlər Qida Təhlükəsizliyi Agentliyi və Agentliyin tabeliyində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən həyata keçirilir.
AQTA öz işində, dönərxanalar da öz “işindədir”. 
İqtisadçı Əkrəm Həsənov “Şərq”ə açıqlamasında bildirdi ki, hər dövlət orqanı öz səlahiyyətinə aid sahəyə nəzarət edir:
- Vergilər Nazirliyi vergi ödəmələrini yoxlayır, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək münasibətlərinin təşkilini, Qida Təhlükəsizliyi Agentliyi də qidalarla bağlı standartları. Təbii ki, dönərxanalar da təsdiqlənmiş norma və standartlara riayət etməlidir. Həm sanitar-gigiyenik baxımdan, həm də ərzağın keyfiyyəti və qidaların hazırlanması məsələsində. AQTA hər gün, hər saat dönərxanalara, iaşə obyektlərinə keşik çəkəsi deyil. Onlar müəyyən edilmiş vaxtlarda monitorinqlər, yoxlamalar aparır. Sahibkar özü biznesinin zədə görməməsində maraqlı olmalıdır. Bir  dönərxanada baş vermiş neqativ hal digər dönərxanaların da işini iflic edir. Ən azı bir müddətə. Çünki əhali arasında xəbər yayılır ki, filan dönərxanada zəhərlənmə olub, insanlar istər-istəməz bir müddət ehtiyat edirlər, dönər almağa. Sonra yenə əvvəlki vəziyyət bərpa olunur. Amma bu fasilə müddətində sahibkarlar da əziyyət çəkir. Yoxlamalar daha da artır. 
Ə.Həsənov  qeyd etdi ki, Avropada, Rusiyada dönərxana tipli iaşə obyektlərinə ciddi nəzarət var. Bizdə isə ciddi nəzarət olduğunu söyləyə bilmirik:
- Ucuz dönərxanalarda keyfiyyətli qida veriləcəyini gözləmək absurddur. Bu cür dönərxanalar ucuz ərzaq alır, ucuz da satırlar. Keyfiyyətsiz, bəzən istifadə müddəti ötmüş, köhnə ətlərdən dönər hazırlanır.  Sanitar şərait də aşağı səviyyədə olur. Dönərçi işin ustası olmur. Bəlkə də bu zəhərlənmə hadisəsi keyfiyyətsiz ərzağa görə baş verib. Toyuq əti köhnəymiş, ya da içərisinə əlavə edilən ərzaqlardan hansısa. Bəlkə də dönər düzgün hazırlanmayıb. Ətin saxlanma şəraiti düzgün olmayıb. Səbəblər çox ola bilər. Ucuz dönərxanalarda belə halların baş verməsi gözləniləndir. Amma bahalı kafe və restoranlarda sahibkarlar çox zaman özləri keyfiyyətli ərzağın alınmasına, qidanın düzgün hazırlanmasına diqqət edir, ciddi nəzarət mexanizmi formalaşdırırlar. Ümumiyyətlə, hesab edirəm ki, iaşə obyektlərinin fəaliyyəti müsbət olsun deyə, onlar dövlətə müəyyən miqdarda depozit ödəməlidir. Məsələn, dönərxana işlədən sahibkarın bankda depozit yatırımı olmalıdır. Bununla sahibkar özünün ciddi bizneslə məşğul olduğunu göstərəcək, müştərilərin də etibarını qazanacaq. Hər adama da iaşə obyekti işlətmək icazəsi verilməməlidir. Biz əhalinin təhlükəsizliyini düşünürüksə, sahibkarlıq fəaliyyəti ilə ciddi insanlar məşğul olmalıdır. Hesab edirəm ki, xırda dönərxanaları ləğv etmək lazımdır. Çünki “ucuz ətin şorbası olmur”.