Sosioloqdan REAKSİYA: “Gənclərdən soruşan yoxdur ki, siz nə istəyirsiniz?!”


Sosioloq Sahib Altay “Facebook” da  ölkəmizdə gənclərin yaşayış şəraiti ilə bağlı paylaşım edib. O bildirib ki,Azərbaycanda gənclərdən nə istədiyini soruşan yoxdur: 

 “Nə ailədə valideyn, nə işdə müdir, nə də dövlətdə məmur bunu soruşur. Ailədə valideyn deyir ki,mənim dediyim peşədə təhsil almalısan, aldığım evdə yaşamalısan, dediyim qadınla, kişiylə ailə qurmalısan, tapşırdığım, işdə işləməlisən. İşdə müdir deyir ki, mən otuz ilin qalstuklu müdiriyəm, sənin təşəbbüslərin özünə qalsın, mən deyən kimi işləməlisən, əməyinin dəyəri də 300-500 azn-dir”.

 S.Altay gənclərin ailədə, əmək fəaliyyətində sərt qaydalarla üzləşdiyini vurğulayıb: 

“Di gəl, indi sən ölkənin gəncinə başa sal ki, gənclik azad ruhludur. Heç kim inanmaz. Haqlıdır da. O ailədəki valideyn də, işdəki müdir də, dövlətdəki məmur da eyni təfəkkürün, düşüncənin yetişdirdiyi insan modelidir bu cür də olmalıdır.  Bu məqamda kimlərsə deyə bilər ki, bəs bu sadalanan yerlərdə çalışan gənclər də var axı. Onlar gənc deyil, əzizlərim, həmin qalstuklu day-daylara çəpik çalan, zahirən gənc, təfəkkür etibarilə ağsaqallıq eyforiyasına qapılan, gələcəyin qalstuklu, vəzifədən "çak-çuk" uman dayılarıdır”.

S.Altay zaman-zaman verilən və  artıq ənənəyə çevrilən "Ölkədən gənclər niyə gedir və ya getmək istəyir?" sualına aydınlıq gətirib: 

“Bir qarın çörəyə görə kölə olmamaq, rahat həyat qurmaq, özünü asan ifadə edə bilmək üçün. Qəfəsdə olmağı arzulayan topluma azadlıq yaraşmır...”.