“Tərtər işi”nin qırılma nöqtəsi: “Günahkarlar məhkəmə qarşısına çıxarılıb...”


Bir müddət öncə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətləri “Tərtər işi” ilə bağlı birgə məlumat yayıb. Məlumatda qeyd olunub ki, Müdafiə Nazirliyi “Tərtər işi”ni törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib. Artıq zərərçəkmiş kimi tanınan şəxslər və işgəncələrə məruz qaldığı iddia edilən hərbi qulluqçular Baş Prokurorluğa dəvət olunur:

“Həmin faktlarla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılaraq 19 təqsirləndirilən şəxs barəsində beş cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb aidiyyəti üzrə baxılması üçün məhkəmələrə göndərilib,məhkəmələrin ittiham hökmləri ilə onlar müxtəlif cəzalara məhkum ediliblər”. Bildirilib ki, bu cinayətlərdən ziyan çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və müdafiəsi üçün zəruri tədbirlərin görülməsi üçün 2021-ci ilin 16 dekabr tarixində Baş Prokurorluqda göstərilən faktlar əsasında cinayət işlərinin təzələnməsi haqqında qərarlar qəbul edilib.Cinayət işləri Baş Prokurorluğun icraatına qəbul edilməklə ibtidai istintaq Azərbaycan Respublikasının baş prokuroru tərəfindən xüsusi nəzarətə götürülüb.Eyni zamanda,kütləvi informasiya vasitələrinin nümayəndələrinin, sosial media platforma istifadəçilərinin,cinayət prosesi iştirakçılarının diqqətinə çatdırılıb ki,ibtidai araşdırma məlumatlarının  müvafiq icazə olmadan yayılması yolverilməzdir : “Bu qanunvericiliyinə əsasən məsuliyyət yaradır, habelə istintaqa təsir göstərmək,cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq,qalib Azərbaycan ordusunun nüfuzuna, dövlət orqanlarının fəaliyyətinə kölgə salmaq məqsədilə qərəzli surətdə təhrif olunmuş məlumatlar yayan şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

Bəs “Tərtər işi”nin bundan sonrakı istintaq prosesində hansı məqamlara aydınlıq gətirililəcəyi  gözlənilir ?

Mövzunu  “Sherg.az”a şərh edən  Qarabağ qazisi, hərbi-jurnalist Rey Kərimoğlu bildirib ki, bunun  bir  neçə il əvvəl başladılan və başında Nəcməddin Sadıqovun bacısı oğlu general-mayor Ramil Əsgərovun durduğu iş olduğu hər kəsə məlumdur:

 “Düşünürəm ki, obyektiv və şəffaf istintaq aparılacaq. Günahkarlar məhkəmə qarşısına çıxarılıb öz cəzasını alacaq. Hüquq - mühafizə orqanları istintaqın aparıldığını deyir. Görünən odur ki,  məsələdə müəyyən boşluqalar olub”.

 Hərbi jurnalist məhz belə boşluqlar prosesin obyektivliyini  şübhə altına aldığını vurğulayıb və başladılan istintaq prosesinin növbəti mərhələsinə diqqət çəkib:

“Həm istintaq, həm də məhkəmə istintaqının obyektivliyinə inam azdır. Bu səbəblərdən daha şəffaf bir məhkəmə prosesi həyata keçirilməlidir. İstintaqın növbəti mərhələsində isə hansı məqamların ortaya çıxacağını  təxmin etmək çətindir”.