SİQNAL! – “Demoqrafik təhlükənin astanasındayıq” - Təkuşaqlı ailələrin sayı artır

“1990-cı illərdə hər min nəfərə 20,5 uşaq doğulurdu. Bu gün bu say 8,4 ə düşüb”

“Belə templə davam etdikdə bu say 2050-ci illərdə 3,5olacaq”

“Hazırda ölkədə 2 milyon 500 mindən artıq ailə institutunun təxminən 1 milyon 146 mini bir uşaqlı ailələrdir”

“Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” sosioloji sorğu-tədqiqatının nəticələri açıqlanıb. Bildirilib ki, son illərdə ölkə üzrə doğum səviyyəsinin aşağı düşməsi müşahidə olunur. Əksər ailələr bir uşaqla kifayətlənir: “Təkuşaqlı ailələrin artmasının sosial-psixoloji səbəbləri də ön sıralardadır. Ailədə uşaqların sayının azalması ailənin reproduktiv və tərbiyə funksiyalarının müəyyən qədər pozulmasına dəlalət edir. Müasir dövrdə uşaq öyütmək,hərtərəfli təhsil vermək,gələcəyini təmin etmək çətindir. Təkuşaqlı ailədə uşaq valideynlərin əzizlədiyi yeganə qayğı və diqqət obyektinə çevrilir, bu da çox hallarda uşağın müstəqillik və yetkinlik şüurunun formalaşmasının gecikməsinə səbəb olur”. 

Nəticələrdə, eyni zamanda, Azərbaycanda doğulan uşaqların cins nisbətinin pozulması əks olunub:

“Qız uşaqlarının seleksiya abort edilməsi nəticəsində doğuş üzrə təbii cins balansının pozulması yönündə təəssüfedici tendensiyada ölkəmiz “dünya birincisi  olmağa doğru gedir”.
Sosioloji sorğu-tədqiqatının nəticələri ölkəmizin demoqrafik təhlükə ilə üz-üzə durduğunu bir daha göstərdi.

Bəs bunun qarşısını almaq üçün hansı tədbirlər görülməli və maarifləndirmə işi necə aparılmalıdır?

İqtisadçı-ekspert Rəşad Həsənov mövcud demoqrafik təhlükədən “Sherg.az”a danışarkən bildirib ki, artıq böyük ailələrdən kiçik ailələrə doğru müasir yaşam tərzi formalaşır: 

“Bu qlobal səviyyədə olan problemdir. Azərbaycana da ayaq açıb. Hazırda insanlar həyatda nisbətən fərqli baxırlar. Onlar dünyaya gətirdikləri yeni fərdlər üçün mənsuliyyət hiss edir, onun təhsili, keyfiyyətli qidalanması,ona yaxşı yaşayışın bəxş edilməsinə görə öhdəlik daşıyırlar. Bütün bu öhdəliklər ölkəmizdə dolayısıyla kiçik ailələrin formalaşması istiqamətində meyili gücləndirir”.

İqtisadçı- ekspert hökumətlərin apardığı sosial-iqtisadi siyasətlərin də məsələyə təsir etdiyini söyləyib və bəzi statistik rəqəmləri diqqətə çatdırıb:

“Uşaq pulunun verilməməsi, ailələrin sosial təminatının zəif olmasına gətirib çıxaran sosial - iqtisadi siyasətlər və s. bu qəbildəndir. Azərbaycanda da prosesə bunların hamısının təsiri hiss olunur. Hökümət isə demoqrafik problemin astanasında olduğunu qəbul etmək istəmir. Amma rəqəmlər tam əksini göstərir. Məsəl üçün,1990-cı illərdə hər min nəfərə 20,5 uşaq doğulurdu.

Bu gün bu say 8,4 ə düşüb. Belə templə davam etdikdə bu say 2050-ci illərdə 3,5olacaq. Bu o deməkdir ki, artıq ciddi problem var. Hazırda ölkədə 2 milyon 500 mindən artıq ailə institutunun təxminən 1 milyon 146 mini bir uşaqlı ailələrdir. Bu hökumətə siqnaldır. BMT-nin qiymətləndirmələrinə görə 2050-ci illərdə Azərbaycanda artıq 65 yaş üzəri əhali bugünkü yeddi faiz üzərindən 11 faiz səviyyəsinə  2100-cü ildə 17 faiz səviyyəsinə qədər yüksələ bilər. Hesablamalar göstərir ki, proses daha da sürətli şəkildə davam edə bilər. Bütün bunlar hökumətin  daha hədəfli, demoqrafik və insan kapitalı aspektindən maraqlarını birləşdirmiş kompleks siyasət həyata keçirməsi zərurətini yaradır”.

R.Həsənov bir uşaqlı ailələrin sayının artmasının dolayısıyla gender bərabərliyinin pozulmasına gətirib çıxardığını vurğulayıb:

“Ailələr istəyirlər ki,bir uşaqları olacaqsa o oğlan olsun. Beləliklə, gender balansının pozulması istiqamətində də daha bir proses başlamış olur”. 

Ekspert bu xüsusda  maarifləndirmə işinə diqqət çəkib:

“İnsanlar rasionaldır. Ölkədəki hazırkı yaşam şəraitini, təhsili, iqtisadiyyatı, uşaq pulu məsələsini və s . hər bir nüansı nəzərə alsalar, təbii ki, ailədə çox uşağın olmasını da istəməyəcəklər. Burda maarifləndirmə işin sadəcə bir qismidir. O aspektdən maarifləndirmə aparıla bilər ki,övladın qız və ya oğlan olmasının heç bir fərqi yoxdur. Amma ailədə uşaqların sayının çox olması baxımından real və təşviqedici mexanizmlər olmalıdır. Əks halda bu istiqamətdə heç bir müsbət nəticəyə nail olmaq mümkün olmayacaq”.