Vətəndaş cəmiyyətinə bu gün dünəndən daha çox ehtiyac var

QHT-lər üçün yeni əlverişli hüquqi mühitin yaradılması ilə bağlı zaman yetişib

Birlik rəhbəri bəyan edib ki, təkliflər paketinin tam qəbulunu gözləməsələr də, əsas məqamların və maneələrin aradan qaldırılması istiqamətində hökumət tərəfindən addım atılacağına inanır


   Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının inkişafına xüsusi önəm verilir. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı dövlət siyasətidir və bu sahədə qanunvericilik daim təkmilləşdirilir. Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin dəstəklənməsi ilə bağlı mühüm işlər görülür, onların inkişafı üçün əlverişli mühit yaradılır. Bunun nəticəsidir ki, ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyəti ildən-ilə genişlənir. 

   Məlum olduğu kimi “Konstitusiya” Araşdırmalar Fondu qeyri-hökumət təşkilatları üçün əlverişli hüquqi mühit yaradılması, xarici donorlara çıxış, qrant müqavilələrinin qeydiyyatı ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması məqsədilə QHT-lərin fəaliyyətini tənzimləyən qanunvericiliyə əlavə dəyişikliklər hazırlayıb. “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib ki, qanunvericiliyə dəyişikliklərlə bağlı təkliflər, QHT-lərin təsis edilməsi, dövlət qeydiyyatına alınması, cərimə sanksiyalarının azaldılmasını da nəzərdə tutur. Vurğulayıb ki, Fondun ekspertləri təklifləri konkret qanun layihələri formasında hazırlayıblar. Təkliflər bir ay əvvəl Prezident Administrasiyasına, parlamentə təqdim olunub və parlament təmsilçiləri ilə ilkin müzakirə aparılıb. Təkliflər paketi, həmçinin xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinə, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinə təqdim edilib. 

Vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı gündəmə gətirilən təkliflər paketinin önəmi haqda “Şərq”ə danışan “QHT.az” saytının rəhbəri, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib ki, uzun müddətdir ki, QHT-lərlə bağlı qanunvericiliyin yumşaldılması məsələsi qaldırılır. C.Hüseynzadə vurğulayıb ki, vətəndaş cəmiyyətinin aktiv nümayəndələri toplantılardakı çıxışlarında və mətbuata müsahibələrində bu məsələnin müxtəlif aspektlərini gündəmə gətirirlər: 

“Qaldırılan əsas problemlər QHT-lərin qeydiyyatı, xarici donorlardan alınan qrantların qeydiyyatı, ianələrin qeydiyyatı  və digər məqamları əhatə edir. Bütün hallarda ölkənin təhlükəsizliyi və milli maraqlarının qorunmasının ən sərt şəkildə tərəfdarıyıq və bu məqamlarla bağlı olan donorların ölkəyə buraxılmasının da əleyhinəyik. Hökumətin də həssas mövqeyini başa düşürük. Lakin hazırkı şərait ümumən xarici mənbələrdən alınan qrantlar üçün sədd yaradır. Sosial, humanitar və digər sahələri əhatə edən müxtəlif donorlar var ki, onların ölkəmizə vətəndaş cəmiyyətinin iştirakı ilə töhfəsi mümkündür. Lakin mövcud qaydalar həmin donorları Azərbaycandan uzaqlaşdırır. Bir çox halda isə həmin vəsait qonşu Gürcüstan və Ermənistana yönəldilir. 2013-14-cü illərdə qanunvericiliyə edilən dəyişikliklər nəticəsində QHT-lərin resurslarında xeyli geriləmə baş verib. Bunun da əsas səbəbi sözsüz ki, maliyyə çatışmazlığıdır. Ötən müddətdə ölkənin bir neçə aparıcı hüquqşünası Açıq Hökumət Platformasın çərçivəsində və yaxud fərdi təşəbbüsü ilə qanunvericiliyin konkret maddələr üzrə dəyişdirilməsi təklifi ilə çıxış edib. Bildiyimiz qədər QHT-lərə Dövlət Dəstəyi Agentliyi də bu istiqamətdə təkliflər irəli sürüb. İrəli sürülən təkliflərdə 3-cü sektor nümayəndələrinin fikirləri üst-üstə düşür. Ötən həftə tanınmış hüquqşünas-ekspert Əliməmməd Nuriyev tərəfindən ictimaiyyətə təqdim olunan qanunvericiliyə əlavə və dəyişiklikləri dəstəkləyirik. Bu təkliflər paketinin icrası QHT-lərin maraqlarını qorumaqla bərabər ölkəmizin davamlı inkişafında vətəndaş cəmiyyətinin rolunu gücləndirəcək”. 

Birlik rəhbəri bəyan edib ki, təkliflər paketinin tam qəbulunu gözləməsələr də, əsas məqamların və maneələrin aradan qaldırılması istiqamətində hökumət tərəfindən addım atılacağına inanır: 

“Bunun üçün müxtəlif keçid mexanizmləri də hazırlamaq olar. QHT-lər üçün yeni əlverişli hüquqi mühit yaradılması ilə bağlı zaman yetişib. Bunu eyni zamanda yeni reallıqlar da tələb edir. Azərbaycan öz torpaqlarını işğaldan azad edib və böyük qayıdış proqramlarının reallaşmasına başlayır. Mina problemləri aktuallığını saxlayır. Bu baxımdan vətəndaş cəmiyyətinin fəaliyyətinə  bu gün dünəndən daha çox ehtiyac var. Sabah isə bu gündən daha çox ehtiyac olacaq. Bu proqramlara xarici donorların cəlb olunması çox vacibdir. Qeyd etmək istərdim ki, biz bu istiqamətdə mövcud siyasətin formalaşmasına cavabdeh olan şəxslərin də mövqeyinin müsbət olduğunu hiss edirik. Bu siyasəti həyata keçirən müvafiq şöbədə 2019-cu ilin sonunda kadr islahatlarının aparılması, bu işin yeni konstruktiv  və islahatları həyata keçirməyi istəyən kadrlara tapşırılması ümidimizi xeyli artırır. Ən əsası cənab Prezident tərəfindən 2020-ci ildən yeni islahatlar dalğası elan etməsi həlledici məqamdır. Çünki maneələr və problemlər bir çox halda bəzi məmurlar tərəfindən öz şəxsi maraqları naminə yaradılmışdı.

Ölkə başçısı bu maneələrin və problemlərin aradan qaldırılmasının vacibliyini dəfələrlə qeyd edib”. 

C.Hüseynzadə xatırladıb ki, Agentlik yarandıqdan sonra QHT-lərə qrant verilməsi üçün büdcədə vəsait olduğu halda, müsabiqənin keçirilməsi ilə bağlı problem yaranmışdı. İlin sonu olmasına baxmayaraq, Prezident İlham Əliyev tərəfindən problemin qısa müddətdə həll olunması üçün qərar verildi.

Halbuki, 1 aydan sonra 2022-ci il daxil olurdu və həmin ilin büdcəsində də qeyri-hökumət təşkilatları üçün vəsait nəzərdə tutulurdu. Bu qərar Prezidentin vətəndaş cəmiyyətinə münasibətinin mühüm göstəricisidir. 

Hesab edirəm, bu sahə ilə əlaqələri olan dövlət qurumları və məmurlar da öz fəaliyyətində dövlət başçısının mövqeyini əsas götürməlidir”.