Tovuzda beşmərtəbəli binadakı mənzillər odunla qızdırılır  - VİDEO

Tovuz rayonunun Qovlar şəhərinin Azadlıq prospektindəki  yataqxana tipli  bina istilik sistemi üçün mavi yanacaqla təmin edilməyib.

Sherg.az Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər məcburiyyətdən həyətdə qırılan odunları beşmərtbəli binadakı mənzillərə daşıyır.

Sakinlər soyuq qış gecələrini bu cür keçirirlər. Odunun təminatı isə 500-600 manata başa gəlir.

"Azəriqaz" İstehsalat Birliyinin  Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi  Teymur Cəfərov mövzu ilə bağlı "Xəzər Xəbər"ə bildirib ki, bina SSRİ vaxtında tikilib və istismar müddətini başa vurmuş hesab olunur. Bu bina layihələndirilərkən burada qaz təhcizatı nəzərdə tutulmayıb.Buna görə də həmin binaya yenidən mavi yanacağın verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi lazımdır.

Fövqəladə Hallar Nazirliyinin  mətbuat  xidmətinin rəisi Gülçin Mehdiyeva isə deyib ki, qanunverciliklə yataqxana tipli binalarına qaz  verilməsi nəzərdə tutulmur. Sözügedən binanın qazlaşdırılması ilə bağlı "Azəriqaz"  tərəfindən layihə  hazırlanaraq FHN-ə təqdim  edilməlidir.Yalnız  bundan sonra  layihəyə  baxılaraq müvafiq  rəy  veriləcək.

Tovuz Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Mübariz Məmmədov isə bildirib ki, əvvəllər yataqxana kimi tikilən bina  sonradan fərdi sahibkar, mənzilləri  isə sakinlər tərəfindən özəlləşdirib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: