Kişilər arasında intihar halları artıb  - PANDEMİYANIN FƏSADLARI GÜCLÜ CİNSİ DAHA ÇOX "VURDU"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentin bu gün keçirilən iclasında Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatını təqdim edib. B.Muradova deyib ki, Azərbaycanda kişilər arasında intihar hadisələri daha çox üstünlük təşkil edir:“Ancaq cəmiyyət qadın intiharlarına daha həssas yanaşır”.

Kişilər arasında intihar hallarının artması barədə “Sherg.az”a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, kişilərin qadınlara nisbətən intihara daha çox cəhd etməsi yəqin ki, pandemiyanın yaratdığı fəsadların nəticəsidir:



 
“Daxili aqressiya, özgüvənsizlik intihara gətirib çıxarır. Ailə başçısı kimi maddi və mənəvi cəhətdən öz məsuliyyətlərini yerinə yetirə bilməmək özünüqəsdə yol açır. Uşaqları tərbiyə edərkən hislərini büruzə verməyi öyrətmək lazımdır. Cəmiyyətimiz kişilərə hislərini cilovlamağı, emosiyalarını, incə hislərini bildirməməyi aşılayır. Bu da daxili aqressiyaya gətirib çıxarır. Məsələn, mentalitetimizdə kişi ağlamaz, ifadəsi var. Nəzər salsaq, görərik ki, dünyada kişilərin infarktı qadınlara nisbətən artmaqdadır. Bu, qəbul olunmuş faktdır. Kişilərin üzərindəki məsuliyyətin başında hisləri ifadə etməmək dayanır. Əksəriyyət sevgi hislərini, etirazlarını da nümayiş etdirə bilmir. Belə bir vəziyyətdə yaranıb ki, kişi duyğularını qabartmalı deyil. Hislərini daxildən yaşamaq sonda mənəvi aclığa səbəb olur. Bu da intihara təkan verir”.