Zorakılıqlara məruz qalan şagirdlərdə travmalar bəzən qalıcı olur - Psixoloq

2019-2020-ci illərdə 35 şagird təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalıb.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, həmin illərdə “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu təhsil müəssisələrində layihə psixoloqları ilə şagirdlərin söhbəti zamanı 35 nəfər şagirdin təhsil müəssisələrindən kənarda zorakılığın müxtəlif növlərinə məruz qalması aşkar olunub.

Həmin şagirdlərdən 5-i seksual, 7-si fiziki, 5-i psixi zoraklığa və 18-i isə qısnamaya məruz qalıb.

Bütün bunlar uşaqlarda psixoloji fəsadlar yaradır. Məktəb heyəti, psixoloq, müəllim, rəhbərlər daha ayıq-sayıq olmalıdır. Bəs, valideynlər nəyə diqqət etməlidir?

Psixoloq Mədinə Rəsulova “Sherg.az”a mövzu barədə bunları söyləyib:

“Bu kimi zorakılıqlara məruz qalan şagirdlərdə fərqli travmalar yaranır. Hətta terapiya olana qədər qalıcı olur, onların davranışlarında, ətrafla ünsiyyətlərində və münasibətlərində özünü büruzə verir. Kimisin də günah və utanc, kimisin də güvənsizlik və qorxu hissi ilə təzahür olunur. Təbii ki, bu da gələcək həyatlarına mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün uşaqlar mütləq şəkildə psixoloji dəstək almalıdır”.

Psixoloq  vurğulayıb ki, şagirdlərin sarsıntılardan çıxması üçün yaxınlarının yanında olaraq dəstək göstərilməsi vacibdir:

“Ailəsi, böyükləri, müəllimləri onlardan  qayğılarını əsirgəməməlidir. Azyaşlı uşaqlarda utanc duyğusu pik vəziyyətdə olur. Ona görə də, ətrafı onlara özlərini güvənsiz hiss etməməsi üçün yardım etməlidir”.

Mədinə Rəsulova bu mövzu ilə bağlı hansı tədbirlərin görülməsini də izah edib:

“Valideynlər, məktəb rəhbərləri, müəllimlər, bir sözlə, məktəb heyəti şagirdlərə maarifləndirmə işi aparmalıdır. Kiməsə "yox" deməyi aşılamalıdırlar. Uşaqlara təhsil ocaqlarında hüquqları öyrədilməlidir. Təəssüf edirəm ki, hazırda bu mövzularla bağlı dərs proqramı yoxdur. Valideynlər və müəllimlər hər aspektdən şagirdlərə xüsusi diqqət göstərməlidir”.

Cəmilə ƏZİM