Davamlı yatızdırılır

4 yaşlı Asiyənin durumu hələ də ağırdır

Türkiyənin Qaziantep şəhərində pitbull cinsi 2 itin hücumuna məruz qalan 4 yaşlı Asiyə Atəşin durumu hələ də ağırdır. Uşaq günlərdir reanimasiya şöbəsindədir. 

Davamlı yatızdırılır, süni şəkildə qidalandırılır. Türkiyə Səhiyyə naziri Fəxrəddin Qocanın məsləhətiylə Asiyə müalicə olunduğu Qaziantep Universiteti Araşdırma və Uyqulama Xəstəxanasından Antalya Ağdəniz Universitetinə köçürülüb. 

Səhiyyə naziri Asiyəyə toxuma nəqli və plastik cərrahiyyə əməliyyatının Türkiyədə ilk üz və qol nəqlini həyata keçirmiş professor  Ömər Özkanın icra etməsini və həkimin bu əməliiyata və Asiyənin müalicəsinə birbaşa cavabdeh olmasını istəyib.

Hazırlıqlardan sonra qızcığaz əməliyyata alınıb. 4 saat çəkən ilk əməliyyat zamanı uşağın bud və bel nahiyəsindən toxuma alınaraq zədələnmiş baş və üz toxumalarının əvəzinə köçürülüb.  Xəstəxananın baş həkimi professor Yıldıray Çete “xəstəmizin durumu yaxşıdır. 

Nəql edilmiş toxumalarla bağlı da heç bir sıxıntı yoxdur.  Uşaq hazırda xüsusi palatada, daimi nəzarət altındadır. Asiyə davamlı yatırdılır, süni şəkildə qidalandırılır. Vəziyyəti stabildir”, açıqlamasını verib. 

Toxuma nəqlini həyata keçirmiş professor Ömər Özkan da Asiyənin vəziyyətinin getdikcə müsbətə doğru dəyişdiyini deyib: 

“Uşağın üzündə, başında ciddi yaralar vardı. Həyatı təhlükə altında idi. Qaziantep Xəstəxanasında lazım olanları etmişdilər. İlkin yardım belə hallarda çox önəmlidir. Burda isə kiçik qızımıza toxuma nəqli əməliyyatını icra etdik. Dövlət başçımız, səhiyyə naziri durumla yaxından maraqlandı. 

Biz də əlimizdən gələni etdik. Təcili əməliyyat keçirməli olduq. Uğurlu oldu. İndi vəziyyəti yaxşıdır.  Tək istəyimiz Asiyə qızımızı gülə-gülə evlərinə göndərməkdir. İnşəllah, Asiyə bundan sonra gözəl günlər görəcək”, söyləyib. 

Qeyd edək ki, itlərin hücumuna məruz qalmış 4 yaşlı qızçığazın durumu ölkə boyu əks-səda doğurub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisədən təsirlənərək uşağın atasıyla telefon əlaqəsi yaradıb, körpə qıza şəfa diləyib, dövlətin lazım olan dəstəyi göstərəcəyini deyib. 

Antalya valisi isə evdə heyvan bəsləyənlərə çağırış edib: “Belə faciəli hadisələr təkrarlanmasın deyə, heyvansevərlər həssas və diqqətli olmalı, heyvanları ictimai yerlərdə nəzarətsiz qoymamalıdır”, deyib.