Heyvanlar da elektron sistemə daxil edildi

Bu qərar tibbi nəzarətin təşkil edilməsi üçün irəliyə doğru bir addımdır

7 minə yaxın iribuynuzlu heyvan haqqında məlumatlar elektron sistemə daxil edilib. 
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı, Dünya Bankının dəstəyi ilə heyvanların identifikasiyası və qeydiyyatı davam etdirilir. 15-27 dekabr 2021-ci il tarixlərində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında 6829 sayda iribuynuzlu heyvan identikləşdirilərək həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə əlavə olunub. İdentikləşdirilən heyvanlardan 1417-si Bakı şəhəri, 5412-si isə Sumqayıt şəhərinin payına düşür.

Ölkəmizdə yaradılan Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik, müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqları və onların nəticələri, heyvanın hərəkətini təchiz edir. Həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi, alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi, digər bu kimi proseslərin idarə olunması identifikasiya sisteminin əsas funksiyalarıdır. Bu sistem “fermadan süfrəyədək” prinsipinə uyğun olaraq heyvan mənşəli qida məhsullarının izlənilməsinə şərait yaradır. 

Eyni zamanda  təhlükəsizliyinə, insan sağlamlığının təmin olunmasına və yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına imkan verir. Heyvanların identifikasiyası heyvan mənşəli məhsulların təhlükəsizliyinin təmin olunması ilə yanaşı, istehsal edilən məhsulların ixrac tələblərinin yerinə yetirilməsinə zəmin yaradır.
Bu sistemin tətbiqi ilə heyvanların genetik məlumatlarının izlənməsi, damazlıq işinin təşkili, qida təhlükəsizliyi üzrə risklərin aşkar edilməsi, idarə olunması, baytarlıq-sanitariya və heyvan sağlamlığı ilə bağlı digər zəruri tədbirlər tənzimlənəcək. Bunun əsasında ölkəmizin müasir qida təhlükəsizliyi standartına inteqrasiyası təmin ediləcək.

Qeyd edək ki, identifikasiyanın ilk mərhələsində pilot layihə olaraq Bakı və Sumqayıt şəhərində, eləcə də Abşeron rayonunda iribuynuzlu heyvanların və atların identikləşdirilməsi həyata keçirilir. 2022-ci ildən etibarən isə identifikasiyanın mərhələli şəkildə bütün ölkə üzrə tətbiq olunması nəzərdə tutulur.

Heyvanların elektron bazalarının yaradılması barədə “Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, iri və xırdabuynuzlu mal-qaranın qeydiyyata alınması elektron idarəetmənin, tibbi nəzarətin təşkili üçün irəliyə doğru bir addımdır:

“Bu, kənd təsərrüfatında planlı şəkildə qərarların verilməsinə yardımçı ola bilər. Amma reyestrin yaradılmasının bu sahəni inkişaf etdirəcəyini söyləmək doğru deyil. Ona görə də ilkin olaraq sahə üzrə idarəetmənin şəffaflaşdırılması, təsnifatların  aparılması, kənd təsərrüfatının layihələşdirilməsində müsbət dəyərləndirilə bilər. Həmçinin mal-qara sahəsinin planlaşdırılmasında pozitiv rol oynaya bilər”.