Deputatlar da “dilə gəlir”: Məmurlar qanundan sui-istifadə edirlər  – Boşluqlar var!

“Milli Məclis yanında qanunvericilik institunun yaradılması vacibdir”

“Qəbul edilən hər bir qanun qəbul edilərkən ,burda bütün tərəflərin maraqları təmin edilməlidir”

“Belə olduqda yaranmış boşluqaları da aradan qaldırmaq mümkün olar və heç kəs bundan sui-istifadə edə bilməz”

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Jalə Əhmədova Oxu.Az-a müsahibə verib. Xanım parlamentari  bildirib ki, ölkə qanunlarındakı boşluqlardan məmurlar istənilən şəkildə istifadə edirlər.

Maraqlıdır, qanunvericilikdə sözügedən boşluqlar hansı səbəblərdən yaranır? Bəs məmurların eləcə də digər şəxslərin bundan sui-istifadə etməsinin qarşısını necə almaq olar?

Sualmızı cavablandıran “Konstitusiya” Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev “Sherg.az”a bildirib ki, hansısa qanunda problem varsa, Milli Məclis onun həlli istiqamətində fəaliyyətini daha da dərinləşdirməlidir: 

“Azərbaycan qanunvericiliyi yetərli qədər hüquq və azadlıqların təmin edilməsinə imkan verir. Bilirik ki,Qanunvericilik zamanla  stabil qalmayıb inkişaf edir. Bununla yanaşı qanunvericiliyin tətbiqi sahəsində fəaliyyət göstərən şəxslər, deputatlar da burda olan boşluqların, problemlərin vətəndaşların xeyirinə  həll olunmasına çalışmalıdır. Daha bundan sui-istifadə etməyə cəhd göstərməməlidirlər”. 

Hüquqşünas müxtəlif vaxtlarda deputatlar, eləcə də ayrı-ayrı şəxslər tərəfindən təklif olunan Milli Məclisin yanında qanunvericilik institunun yaradılmasının vacibliyini vurğulayıblar:

 “Qəbul edilən qanunlar bu qurum tərəfindən ciddi şəkildə təftiş olunmalı ziddiyyətli məqamlar, boşluqalar varsa, sui-istifadə hallarına yol verilibsə, aradan qalırılmalıdır. Normativ hüquqi aktlar haqqında qanuna görə ,istənilən qanun qəbul edilməzdən əvvəl onun hüquqi ekspertizası həyata keçirilməlidir. Təəssüf ki, biz praktikada bu ekspertizanın həyata keçirildiyini görmürük. Əgər olursa da, həmin nəticələr müvafiq qurumların saytlarına yerləşdirilmir”. 

Ə.Nuriyevin qənaətinə görə, qanunvericiliyin hazırlanması prosesinə bütövlükdə vətəndaş cəmiyyəti, özəl sektor geniş miqyasda cəlb olunmalı və qanun layihələri ilə bağlı digər normativ hüquqi xarakterli aktlar geniş ictimai dinləmədən keçirilməlidir :

“Bu praktikadan da bizim dövlət orqanları istifadə etmir. Etsələr də, bunu fraqmental olaraq edirlər. Beləcə həmin qanunlarda boşluqlar yaranır.Digər tərəfdən qanunların icrasında məsul olan şəxslər heç də bütün hallarda onların icrasını istəmirlər. Çünki bu mexanizmlər qanundan istifadə edən hər bir şəxsə imkan verir ki, o öz hüquq və azadlıqlarının təmin edilməsini tələb edə bilsin”.

Hüquqşünas problemin digər səbəbini Nazirlər Kabineti tərəfindən qəbul edilən normativ aktların ümdə xarakter daşıması və onların hər hansı bir ictimai müzakirədən keçməməsində görüb:

 “Onlar vətəndaş cəmiyyətini bu prosesə cəlb etmirlər. Qəbul edilən hər bir qanun qəbul edilərkən ,burda bütün tərəflərin maraqları təmin edilməlidir. Belə olduqda yaranmış boşluqaları da aradan qaldırmaq mümkün olar və heç kəs bundan sui-istifadə edə bilməz”.