Komando təlimlərinə üstünlük veriləcək! -“Qarşıda xeyli vacib məsələlər var”

Müdafiə Nazirliyindən verilən məlumata əsasan, döyüş hazırlığı planı üzrə Quru Qoşunlarının Əməliyyat (Komando) hərbi hissəsində 2022-ci 10 yanvar tədris tarixində ilin ilk təlim-məşqləri keçirilib. Plana uyğun olaraq kəşfiyyat məlumatı əsasında şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyən edilib. 

Şəxsi heyət mümkün təxribatların qarşısını almaq məqsədilə daimi dislokasiya məntəqəsini tərk edərək əməliyyat rayonu istiqamətində irəliləyib.Komandolar tərəfindən şərti düşmənin təxribat-diversiya qrupunun mühasirəyə alınaraq zərərsizləşdirilməsi,tapşırıqların icrası zamanı saxlanılan şəxslərlə bağlı beynəlxalq humanitar hüquq norma və prinsipləri çərçivəsində tədbirlərin görülməsi üzrə fəaliyyətlər icra olunub.Şəxsi heyətin çətin iqlim şəraitində və kəskin relyefli ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, həmçinin komando bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsi məqsədilə keçirilən təlimlərdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.

Xatırladaq ki,Quru Qoşunları Komandanlığı  Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirilməsi istiqamətində yaradılıb.

Maraqlıdır, bu təlimlər hərbçilərin döyüş qabiliyyətinin yüksəldilməsində nə kimi rol oynayır? Belə təlimlər bizə  hansısa antiterror əməliyyatından xəbər verirmi?  

Hərbi jurnalist, ehtiyatda olan zabit  Üzeyir Cəfərov  Komanda hərbi hissəsinin həyata keçirdiyi ilk  təlimdən “Sherg.az”a danışarkən bildirib ki, 2022-ci il üçün Quru Qoşunlarının planında daha çox təlimlər yer alıb:

“Komando tipli hissələrin qarşısında hələ xeyli vacib məsələlər var. Düşmən  hələ də həm öz, həm də rus sülhməramlıların yerləşdiyi müvəqqəti ərazilərdən bizim mövqelərə atəş açır və ya müəyyən işlərin görülməsinə mane olur. Mülki və hərbi yol infrasturukturunun  çəkilməsi işlərində iştirak edən insanlara əngəllər yaradır. Bu nöqteyi nəzərdən sözsüz ki, Komando tipli  hərbi qulluqçularımızın döyüş hazırlıqlarını artırmaq üçün bundan sonra da xeyli təlimlər həyata keçiriləcək”.

Ü.Cəfərov  nəzərdə tutulan digər hərbi təlimlərdən də söz açıb:

“Həm ölkə daxilində, həm də xaricdə Azərbaycan-Türkiyə Azərbaycan-Türkiyə-Gürcüstan Azərbaycan-Türkiyə-Pakistan təlimləri baş tutacaq. Sözsüz ki,Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələrinin,  eləcə də digər silahlı qüvvələrin də  təlimlərinin  olacağı gözlənilir. Amma bildiyim qədər bu il üçün daha çox Komando təlimlərinə üstünlük veriləcək”. 

Hərbi jurnalistə görə, bu təlimlər döyüş hazırlığını yüksəltməklə bərabər düşmənin ağlını başına yığması üçün verilən mesajdır və məhz hər hansısa forsmajor halla bağlı deyil: 

“Belə təlimlər 2022-ci il üçün təsdiq olunmuş plana əsasən həyata keçirilir.Yaxın aylarda onlar haqqında daha çox eşidəcəyik. Hesablamalarıma əsasən, təxmini bir ilin hər ayına üç təlim  planlaşdırılır. Təlimlər şəxsi heyətin cəlb olunması ilə baş tutacaq və burda şəxsi heyətin sayı da müxtəlif – 5,10 və ya 15min  olacaq”. 

Ekspert diqqətə çatdırıb ki, təlimlər nə qədər çox olsa, döyüş hazırlığı da bir o qədər yüksək səviyyədə olar:

“Allah Azərbaycan əsgərlərini qorusun.Onlar hazırda öz döyüş hazırlıqlarını yüksəltməklə məşğuldurlar”.