Cocuqların günahı nə?! – “Uşaq döyülməklə tərbiyə olunmur, vətəndaş!”

“Bu nə beynəlxalq, nə də yerli qanunvericiliyə uyğundur”

Ötən gün sosial şəbəkələrdə İsmayıllı rayon 1 saylı uşaq bağçasında azyaşlı uşağa  şiddət göstərən  “tərbiyəçi”  Zülfiyyə Baxışovanın görüntüləri  yayılıb. Hadisə ciddi müzakirələrə səbəb olub. Məsələyə Təhsil Nazirliyi dərhal reaksiya verib. : “Uşağa qarşı şiddət göstərən İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi Baxışova Zülfiyyə Ədalət qızı ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 14 yanvar 2022-ci il tarixindən ləğv edilib. Təhsil Nazirliyi uşaqlara qarşı zorakılıq hallarının baş verməsini qətiyyətlə pisləyir və bunun yolverilməz olduğunu vurğulayır”. Qeyd edək ki, sözügedən bağçanın müdiri  Abdullayeva Qalibə Əli qızıdır.

Maraqlıdır, bu kimi hallarda şiddət göstərən şəxsin işdən azad olunması nə dərəcədə effektiv cəza növüdür?

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova  uşaq  bağçalarında baş verən belə neqativ hallardan  “Sherg.az”a danışarkən təəssüf hissi ilə bildirib ki, analoji vəziyyət artan statistika üzrə davam edir:

 “Bəzən əsas verirlər ki, uşaq döyülməklə tərbiyə olunmalıdır. Bu yanaşma nə beynəlxalq, nə də yerli qanunvericiliyə uyğundur. Bilirsiniz ki, on illik uşaq stategiyası qəbul olundu. Bu strategiyada belə məqamlar xüsusi vurğulanıb”.

M.Zeynalovaya görə, belə şəxslərə cəza verilərkən onların işdən çıxarılması ilə kifayətlənmək olmaz: 

“Həmin adamların azı beş il müddətinə fəaliyyətinə icazə verilməməlidir.Təyin olunmuş zaman bitdikdən sonra psixoloji testlər tərtib olunmalı və əgər nəticələr müsbət olarsa, onlara işlərinə qayıtmaq üçün şans verilməlidir. Əks halda biz belə zorakılıq hallarının qarşısını ala bilməyəcəyik”.