Ziyalılar bir mənalı olaraq qazax xalqını müdafiə etməlidir  - Elxan Zal Qaraxanlı  

"Qazaxıstanda proseslər zamanı ölkə ziyalıları hakimiyyəti müdafiə edən və radikallar olmaqla iki qrupa ayrılmışdı"
 
Qazaxıstan 2022-ci ilin ilk günlərini gərgin keçirdi. Ölkədə ölümlə nəticələnən iğtişaşlar baş verdi. Aktau və Janaozen şəhərlərinin əhalisi yanacaqdoldurma məntəqələrində istifadə olunan sıxılmış qazın qiymətinin iki dəfə bahalaşmasına etiraz edərək küçələrə axışdı. Getdikcə genişlənən aksiyalar ölkədə böyük toqquşmalarla nəticələndi. Vətəndaşlar və güc strukturları arasında itkilər oldu.Ölkənin bir sıra bölgələrində çoxsaylı insan tələfatı ilə nəticələnən faciəvi hadisələrlə bağlı yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan olundu. 
 
 İstənilən ölkənin həyatında  baş verən proseslərdə hadisələri normal axara salmaq və milləti vahid məqsəd ətrafında səfərbər etmək  ilk növbədə  hər bir ölkənin ziyalılarının missiyasıdır. Tarixə nəzər salsaq görərik ki, bir çox liderlər ölkə və dövlət əhəmiyyətli məsələlərin müzakirəsində ziyalıları   öz  mövqeyini bildirməyə çağırıb.  Bəs, Qazaxıstandakı hadisələrə qazaxlı ziyalıların münasibəti necə olub? Eyni zamanda qardaş qazax xalqının həyatında baş verən son hadisələrdə Azərabaycan ziyalıları onlara hansı  dəstəyi nümayiş etdirib? Ümumiyyətlə, adətən belə məqamlarda ziyalılar necə hərəkət etməlidir?  

 Mahmud Kaşqari adına Beynəlxalq Fondun rəhbəri, türk dünyasının tanınmış şairi Elxan Zal Qaraxanlı  “Sherg.az”a danışarkən bildirib ki, Qazaxıstanda proseslər zamanı ölkə ziyalıları hakimiyyəti müdafiə edən və radikallar olmaqla iki qrupa ayrılmışdı : “Qazaxıstan Yazıçılar Birliyinin rəhbəri Uluğbek Esdevletinin rəhbərliyi ilə bir qrup  mədəniyyət xadimi dövlətçiliyi müdafiəyə qalxdı. Radikal kəsim də tənqidə başladı. Ziyalılar əlbəttə ki, olaylara münasibət bildiriblər. İndinin özündə də  bu proses davam edir. Qazaxıstan bizdən bir qədər mürəkkəb ölkədir. Orda rus dilini bilən əhalinin sayı  hardasa 90 faizdən yuxarıdır. Bu da prosesi bir qədər qəlizləşdirir. Onaların da taleyi belə gətirib. Ən böyük qazax şairlərindən biri olan  Oljas Süleymanov da qazax dilini yaxşı bilmədiyi üçün  rusca yazırdı”. 

Elxan Zal Azərbaycan ziyalıların qazax xalqına dəstəyinə diqqət çəkib:

 “Yazıçılar Birliyinin sədri Anar, jurnalist Aida  Eyvazlı  hadisələrə münasibət bildirdi. Onların Yazıçılar İttifaqına məktub göndərildi. Mən özüm də hadisələri diqqətdə saxlayıb, qazax yazıçılarının fikirlərinə də şərh bildirmişəm. Ümumi götürdükdə hiss olunur ki,  bizim ziyalılar ordakı   məsələdən tam xəbərdar olmadıqları üçün bu mövzuda obyektiv fikir səsləndirməkdə çətinlik çəkdilər. Bildiyimiz kimi hadisələrin gedişatında Qazaxıstanda internet bağlantısı kəsildi, telefon danışıqları məhdudlaşdırıldı. Bu özü informasiya axınını əngəllədi. Belə olduqda rus və ya türk mətbuatından hansısa məlumatı oxuyub ona uyğun fikir bildirənlərin də obyektivliyinə tam inanmaq olmadı. Ümumən ziyalılar baş verən hadisələr zamanı bir qədər gözləmə mövqeyi tutub, təhlil aparıb sonra münasibət bildirməlidir”.

 Elxan Zal  belə hadisələrdə  ziyalı mövqeyinin olduqca önəmli  olduğunu  söyləyib və Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymanovun 20 yanvar hadisələri zamanı ölkəmizə gəlişinə diqqət çəkib:

“O,  bəzi təzyiqləri gözaltına alıb, Azərbaycanın haqq səsini dünyaya çatdırmağa gəldi. Dünya şöhrətli adamın belə məqamdakı münasibəti Azərbaycan xalqına bir məlhəm oldu. Xalq gördü ki, dünyada yalnız deyil. Oljasdan sonra başqa ziyalılar da bizi müdafiə etməyə başladı. Təbii ki, bu hadisəyə  də ziyalıların münasibəti hökmən olmalıdır. 20 Yanvar hadisələrində hər şey birmənalı idi. Sovet qoşunları ölkəmizə girib xalqa divan tutmuşdu. Qazaxıstandakı stiuasiya isə bir qədər fərqlidir. Bura qoşunlar ölkə prezidentinin çağırışı ilə gəldi. Mənim də məlumatım yoxdur ki, ordakı çevrilişdə radikal qruplar iştirak edib, ya yox. Müxtəlif adamlarla bunu müzakirə etmişəm. Kimi təsdiq edir, kimi inkar. Sanki dövlət çevrilişi etmək istəyən şəxslər qəfil peyda olub. Bu da digər tərəfdən ziyalıların münasibətini çətinləşdirir”.

Yazıçı son olaraq diqqətə çatdırıb ki, Qazaxıstandakı hadisələrin hazırda türk dünyası üçün müsbət və ya mənfi təsirini  dəqiq söyləyə bilmərik. Onun fikrincə, qazax ziyalıları belə məqamlarda  informasiya məkanında diqqətli olub, bir mənalı olaraq qazax xalqını müdafiə etməlidir.