Goranboyda partlayan minanın 1991-1994-cü illərdə orda qaldığı ehtimal olunur  - Hərbi ekspert  

Dünən  Goranboy  rayon sakini  1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb. O, xəstəxanaya yerləşdilib və ayağı amputasiya edilib. Hazırda vəziyyəti orta ağırdır.

İkinci  Qarabağ savaşından sonra işğaldan azad edilmiş ərazilərdə insanların minaya düşməsi hallarının çox şahidi oluruq. Çünki düşmən qarış-qarış torpaqlarımızı minalayıb. Bəzən vətəndaşlarımız da ehtiyatsızlıq edərək bu minaların qurbanı olurlar. Biz eyni zamanda Qarabağa aid olmayan  digər rayonlarda da belə hadisələrin baş verdiyini görürük. Maraqlıdır, bəs bu minalar hardandır?

Hərbi ekspert Ruslan İmamquliyev mövzunu “Sherg.az”a dəyərləndirərkən bildirib ki, müstəqilliyimizi elan etdikdən bəri  Azərbaycan ərazisində müxtəlif döyüşlər olub və Goranboy rayonu da bu cür döyüş sahəsinə cəlb olunan ərazilərdəndir:“Bu cür minaların 1991-1994-cü illərdə orda qaldığı ehtimal olunur. Təssüf ki, onlardan biri də vətəndaşı qarsısına çıxıb və nəticədə belə xoşagəlməz hadisə baş verib. Müxtəlif dövrlərdə İkinci Dünya müharibəsindən qalmış minalara da rast gəlib həyatını itirən insanlar olub”. 
Hərbi ekspert  Goranboy rayonun müstəqilliyimizin ilk dövrlərindən erməni təcavüzkarlarına qarşı mücadilənin geniş miqyasda aparıldığı bir ərazi olduğunu diqqətə çatdırıb: “Fikrimcə, o dövrlərdən qalmış minaların indi vətəndaşlarımızın qarşısına çıxması onu deməyə əsas verir ki, biz yenidən bəzi ərazilərə baxış keçirməliyik”.