“Gəlinliklə girilən evdən kəfənlə çıxırlar” - Psixoloq stereotipləri sındırır 

Ötən ilin yanvar-noyabr aylarında qeydiyyat şöbələri tərəfindən 50 890 nikaha daxilolma və 15 659 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Məlumata əsasən , əhalinin hər 1000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,5-dən 5,5-ə, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.
Xatırladaq ki, 2020- ci ildə əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,5, boşanma səviyyəsi  isə 1,5 faiz təşkil edib.Mövcud statistik rəqəmlər göstərir ki, artıq bu istiqamətdə həyəcan təbili çalmağın vaxtıdır. Maraqlıdır,şəxsləri boşanmaya sövq edən başlıca səbəblər nələrdir?  

Psixoloq Əfsanə Rüstəmova  fərdlərin boşanma səbəblərindən “Sherg.az”a danışarkən bildirib ki, insanlar rasional olaraq uğrunda mübarizə aparacağı evliliyin ona xoşbəxtlik vəd etmədiyini anladığı zaman qapını çırpıb həmin  evdən çıxır:

 “Doğru olan bəlkə də, budur. Ortaq olmayan dəyər vahidləri ilə, nəyinsə xətrinə davam edən ailələr əvvəla iki insanın və daha sonra əgər varsa, övladlarının həyatı məhv edirlər. Kiminsə xoşbəxtliyi üçün öz həyatının üstündən xətt çəkən adam qarşısındakına da hər zaman öz doğrusunun ən müqəddəs olduğunu aşılamağa çalışacaq”. 
Psixoloq  boşanma qərarı alan fərdlərin heç kəsin kənarda qucaq açıb onları gözləmədiyini anlamasının vacib olduğunu vurğulayıb:
 “ Boşanmada hər iki tərəf anlayışlı olsa da, bu şəxsin qurulmuş düzənin dəyişdiyi, onun aid olduğu yerdən qopduğu bir dönəmdir və mütləq ki, ağrılıdır. Əlbəttə, hər kiçik hadisə boşanma ilə nəticələnməməlidir. Lakin bəzən boşanmaq üçün ən xırda hadisə belə qığılcım ola bilər”.
 Ə.Rüstəmova görə, iki tərəfin başda verdikləri vədlər gəlinliyi və bəy kostyumunu çıxaran anda yox olur və o andan lazımsız məişət qayğıları başlayır:
 “Lazımsız deyirəm, çünki heç bir qayğı xoşbəxtliyə əngəl olmamalıdır.Təəssüflər olsun ki, bizlər “saçını süpürgə etmiş” bir nəslin övladlarıyıq.Bizdə boşanmaq toplumun dəyərlərinə qarşı gəlmək kimi təqdim olunur. Və bəzən sözün həqiqi mənasında gəlinliklə girilən evdən kəfənlə çıxırlar”. 
Psixoloq boşanma hallarında toplumun roluna diqqət çəkib:“ Bizdə toplum şəxsi arqumentləri dinləmir.Toplum üçün sənin xoşbəxt olmağın maraqlı deyil.O daha çox neçə ər və arvadın olması ilə maraqlanır.Bu yanaşmanı yığışdırıb şəxslərin nigahdan sonra xoşbəxt olmağına fokuslansaq, əmin olun ki, boşanma faizi daha çox olacaq”.