Azərbaycanda atalara ödənişli məzuniyyət veriləcək

“Yəni uşağın anadan olmasından sonra 3 il müddətində istifadə oluna bilən qismən ödənişli sosial məzuniyyətdən ata və ya ailənin digər üzvü də istifadə edə bilər”

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov “Azərbaycanda gender bərabərliyinə əsaslanan valideynlik məzuniyyəti siyasəti: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masada çıxış edib.O bildirib ki, hazırda ölkədə gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyi sahəsində bir sıra  işlər aparılır :“Bu sırada 169 maddəyə dəyişikliyi ehtiva edən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” irihəcmli qanun layihəsinin hazırlandığını qeyd etmək mümkündür. 

Sözügedən qanun layihəsinin bir elementi də atalıq məzuniyyəti ilə bağlıdır”. A.Kərimova görə, bu məsələyə mövcud reallıqları nəzər alıb baxmaq lazımdır: “Əmək Məcəlləsi imkan verir ki, bacı-qardaş, baba-nəvə övladların tərbiyəsində iştirak etsinlər. Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq”.

Hüquq müdafiəçisi Sahib Məmmədov atalıq məzuniyyəti ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, Əmək Məcəlləsində atanın və ya ailənin digər üzvünün qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə hüququ var: 


“Yəni uşağın anadan olmasından sonra 3 il müddətində istifadə oluna bilən qismən ödənişli sosial məzuniyyətdən ata və ya ailənin digər üzvü də istifadə edə bilər. Bu o halda zəruri olur ki, ana uşağın atasına nisbətdə daha çox əmək haqqı alır. O ailənin əsas qazanc gətirəni olduğu üçün hamiləliyə və doğuşa görə məzuniyyət hüququ başa çatdıqdan sonra ya özü, ya ata, ya da ailənin digər üzvü qismən ödənişli məzuniyyətdən istifadə edə bilir. Qismən ödənilən vəsait Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına verilir. Digər halda doğuş nəticəsində ana vəfat etdikdə, tam ödənişli (hamiləliyə və doğuşa görə) ,məzuniyyətin ikinci hissəsindən ata istifadə edə bilər”.

S.Məmmədov  ƏƏSMN Əmək Məcəlləsinin 169 maddəsinə yenidən əlavə və dəyişikliklərlə bağlı hazırladığı layihəyə diqqət çəkib:

“Nazir müavininin “Ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq” fikirini heç cür şərh edə bilmirəm. Yəni nə? Hansı məzuniyyətdən, hamiləliyə və doğuşa görə nəzərdə tutulan 126 günlük (müyyən halda daha çox) məzuniyyətdən başqa hansı halda tam ödənişli sosial məzuniyyət növü var ki? ƏM 127-ci maddəsinə görə "Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər". Amma bu halda tam ödənişli məzuniyyətdən söhbət getmir”. Hüquq müdafiəçisinin fikrincə, nazirlik yeni layihə ilə bağlı ictimaiyyəti daha geniş məlumatlandırmalıdır.