Kişilərə 14 gün atalıq məzuniyyəti veriləcək?

Sahib Məmmədov deyib ki, anlaşılan deyil, nazirlik ictimaiyyəti geniş məlumatlandırmalıdır

Azərbaycanda kişilərə 14 gün ödənişli atalıq məzuniyyəti veriləcək. Bu məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Milli Məclisə təqdim olunan yeni qanun layihəsində əks olunub. Vurğulanıb ki, layihədə bir çox təkliflər, eləcə də əmək məzuniyyətləri ilə bağlı bir sıra yeni təkliflər əksini tapıb.

Təkliflərdən biri də Əmək Məcəlləsinin 125-ci maddəsinə dəyişiklik edilməsini nəzərdə tutur. Dəyişikliyə əsasən, hamiləliyə və doğuşa görə arvadı məzuniyyətdə olan kişilərə 14 təqvim günü müddətində ödənişli məzuniyyət veriləcək. Qanun layihəsi hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsindədir. Bu mərhələdən sonra layihə aidiyyəti üzrə təqdim ediləcək. Xatırladaq ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov da mətbuata açıqlamasında ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsinin tezliklə Əmək Məcəlləsində öz əksini tapacağını deyib. Nazir müavini bildirib ki, ölkədə gender bərabərliyinin təmin edilməsi məqsədilə əmək qanunvericiliyi sahəsində bir sıra məqsədyönlü işlər aparılır. 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, Əmək Məcəlləsində atanın və ya ailənin digər üzvünün qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə hüququ var. 

Yəni uşağın anadan olmasından sonra 3 il müddətində istifadə oluna bilən qismən ödənişli sosial məzuniyyətdən ata və ya ailənin digər üzvü də istifadə edə bilər. 

Ekspertə görə, bu, o halda zəruri olur ki, ana daha çox əmək haqqı alır: “Ailənin əsas qazanc gətirəni olduğu üçün hamiləliyə və doğuşa görə məzuniyyət hüququ (dekret - red) başa çatdıqdan sonra ya özü, ya ata, ya da ailənin digər üzvü qismən ödənişli məzuniyyətdən istifadə edə bilir. 

Qismən ödənilən vəsait Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına verilir. Doğuş nəticəsində ana vəfat etdikdə, tam ödənişli məzuniyyətin ikinci hissəsindən ata istifadə edə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Məcəlləsinin 169 maddəsinə yenidən əlavə və dəyişikliklərlə bağlı layihə hazırlayıb. 

Amma hələ veb səhifədə yerləşdirilməyib. Nazir müavininin “ataların tam ödənişli əsaslarla məzuniyyətdən istifadə etməsi məsələsi Əmək Məcəlləsində tezliklə öz həllini tapacaq” fikrini heç cür şərh edə bilmirəm. Yəni nə? Hamiləliyə və doğuşa görə nəzərdə tutulan 126 günlük məzuniyyətdən başqa hansı halda tam ödənişli sosial məzuniyyət növü var?

 Əmək Məcəlləsinin 127-ci maddəsinə görə, uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir. Amma bu halda tam ödənişli məzuniyyətdən söhbət getmir. Hər halda nazirlik yeni layihə ilə bağlı ictimaiyyəti daha geniş məlumatlandırsa yaxşı olar.

 “İctimai İştirakçılıq” haqqında qanunun tələbinə görə, dövlət orqanı hüquqi sənədlərin layihələrini ictimai şura üzvlərinə təqdim etməlidir. Bu, yazılı təklif və rəylər almaq üçün vacibdir”.