Nəzir qutularına Dövlət Komitəsi nəzarət edəcək


Dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur

   “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə edilib. Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli layihədə nəzərdə tutulan dəyişikliklərdən danışıb. Komitə sədri vurğulayıb ki, müvafiq dəyişikliyə görə, islam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı Qafqaz Müsəlmanları İdarəsi yox, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçiriləcək. QMİ-yə isə sadəcə məlumat veriləcək. Dini qurumların və icmaların qeydiyyat məsələsində də dəyişiklik nəzərdə tutulub.

 Həmçinin, qanunun 18-ci maddəsinə edilən əlavəyə görə, ianə edilmiş pul vəsaitlərinin qəbul edilməsi qaydası Komitənin müəyyənləşdirdiyi orqan tərəfindən müəyyən edilir. Müasir çağırışlara uyğun olaraq, dini qurumların ianələri yalnız ənənəvi üsullarla deyil, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edilə bilər. İctimaiyyət nümayəndələri düzəlişlərin bu sahədə fəaliyyətin təkmilləşdirilməsinə xidmət edəcəyini düşünürlər. 

Millət vəkili Ceyhun Məmmədov “Şərq”ə bildirib ki, “Dini etiqad azadlığı haqqında” qanunda bir sıra dəyişikliklərin edilməsi dini fəaliyyət sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi və sistemləşdirilməsi məqsədi daşıyır. Deputatın sözlərinə görə, bəzi müsəlman ölkələrində cərəyan edən proseslərin təhlili sabitliyi pozmaq üçün din amilindən məharətlə istifadə olunduğunu göstərir: 

“Hazırda müsəlman ölkələrinin qarşısında duran mühüm vəzifələrdən biri dini təhlükəsizliyin təmin edilməsidir. Bəzi müsəlman ölkələri bu sahədə uğurlu siyasət həyata keçirə bilsələr də, qarşımızda bir çox uğursuz nümunələr var. Bu acı reallıqlardan ciddi nəticə çıxarmalı və gələcəkdə bu kimi hallardan sığortalanmaq üçün mühüm addımlar atmalıyıq. Bu baxımdan qanuna edilən dəyişikliklər xüsusi əhəmiyyət daşıyır. Qanuna əsas dəyişikliklərin biri qeydiyyat prosesi ilə bağlıdır. Əvvəlki dövrdə sənədlər dini icmalar tərəfindən dini mərkəzlərə, sonra isə Dini Komitəyə təqdim olunurdu. Son dəyişikliklərə əsasən, sənədlər birbaşa müvafiq mərkəzi icra hakimiyyətinə təqdim ediləcək. Çünki əvvəlki üsul bir sıra hallarda prosesin obyektiv və subyektiv səbəblərdən uzanmasına gətirib çıxarırdı. Dəyişiklik qeydiyyat prosesinin sürətlənməsinə təkan verəcək”. 

Parlament üzvü vurğulayıb ki, digər mühüm dəyişiklik dini ibadət yerlərinə din xadimlərinin təyinatı ilə bağlıdır: “Dünyanın bir çox ölkələrində dini ibadət yerlərinə din xadimlərinin təyinatını dövlət özü həyata keçirir. Buna misal olaraq bizə dost və qardaş ölkə Türkiyənin təcrübəsini göstərə bilərik. 

Nəzərə almaq lazımdır ki, din həm də təhlükəsizlik məsələsidir. Hazırda Azərbaycanda elə məscidlər var ki, cümə günləri 10 min insan toplaşır. Bu insanlara xitab edənlərin yüksək dini bilikləri və dövlətçilik mövqelərinin olması çox önəmlidir. Dini ibadət yerlərinə təyin olunan din xadimləri mütləq ciddi süzgəclərdən keçirilməlidir. Digər mühüm dəyişiklik dini qurumlara ianələrdir. Dəyişikliklər ianələrin həm nəğd, həm də elektron qaydada qəbulunu nəzərdə tutur. Hesab edirəm, bu dəyişiklik də sözügedən sahədə hesabatlılığın və şəffaflığın təmin olunmasına öz töhfəsini verəcək. Cəmiyyətdə nəzir qutularına verilən ianələrin taleyi ilə bağlı zaman-zaman müxtəlif müzakirələr gedirdi. Hazırda Yaşat Fondunun nümunəsi var. Belə bir sistem quraraq vəsaitin şəffaflığını və hesabatlılığını təmin edə bilərik”.