Məhdudiyyət ləğv olundu

Vətəndaşlar Şuşa və Ağdama istənilən qədər səfər edə biləcəklər

"Bu cür səfərlər Qarabağa “Böyük Qayıdış”ın mühüm tərkib hissəsi və başlanğıcıdır"

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"

   Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə geniş abadlıq-quruculuq işlərinə start verilib. Müharibədən dərhal sonra çox qısa vaxtda Azərbaycan ermənilər tərəfindən vandallığa məruz qalmış ərazilərimizi minalardan təmizləməyə, infrastruktur layihələri həyata keçirməyə başlayıb. Azad olunmuş Füzuli rayonu ərazisində cəmi 8 ay ərzində beynəlxalq hava limanı test uçuşlarına başlayıb. Zəngilan və Laçın rayonları ərazisində daha 2 beynəlxalq hava limanı inşa edilir. Şübhəsiz, Qarabağa “Böyük Qayıdış” prosesinin ən vacib məqamlarından biri işğaldan azad olunmuş ərazilərə gediş-gəlişin, mütəmadi səfərlərin başlamasıdır.

Postmüharibə dövrünün ilk vaxtlarında Qarabağa yerli və xarici jurnalistlərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, tanınmış ziyalıların səfərləri baş tuturdu. Artıq sadə insanlar da Şuşaya, Ağdama səfər edə bilirlər. Qarabağa baş tutan səfərlər, aparılan sürətli işlər, sadə vətəndaşların həsrətlə, böyük sevinclə, həvəslə həmin ərazilərə səyahəti “Böyük Qayıdış”dan xəbər verir. 

İşğaldan azad edilmiş Şuşa və Ağdama Qarabağa “Böyük Qayıdış” çərçivəsində müntəzəm avtobus reyslərinin təşkili mühüm əhəmiyyət kəsb edir. Bu, “Böyük Qayıdış”ın ilkin mərhələsi hesab edilir və həmin ərazilərin reinteqrasiyasında ciddi rola malikdir. Nəticə etibarilə, vətəndaşlar 30 illik həsrətdən sonra doğma el-obalarına səfər etmək imkanı əldə ediblər. Bu, bir daha sübut edir ki, vətəndaş məmnunluğu və təhlükəsizliyinin təminatı dövlətin prioritetlərindəndir. Azərbaycan “Böyük Qayıdış”ın astanasındadır. 

Bu günlərdə işğaldan azad edilmiş ərazilərə sərnişindaşıma həyata keçirən avtobus marşrutlarının hərəkət qrafikində dəyişiklik edilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib ki, yanvarın 24-də Azərbaycan xalqı üçün tarixi əhəmiyyəti və mədəni-mənəvi dəyəri yüksək olan Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları istifadəyə verilib. Bu günə qədər Şuşa və Ağdam istiqamətində 12 reys uğurla həyata keçirilib. Vətəndaşlar müvafiq istiqamətlər üzrə ümumilikdə 1100-dən çox bilet alıblar. Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Belə ki, təhlillər nəticəsində Bakı-Şuşa-Bakı marşrutuna tələbatın daha çox olduğu müəyyən edilib və bu istiqamətdə əlavə reysin açılması qərara alınıb. Fevralın 16-dan etibarən Bakı-Şuşa-Bakı istiqamətində artıq həftədə 2 dəfə deyil, 3 dəfə avtobus reysi həyata keçiriləcək. Nazirlikdən həmçinin bildirilib ki, önəmli dəyişikliklərdən biri də odur ki, vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq ilkin mərhələdə tətbiq edilmiş bir dəfə səfər etmək məhdudiyyəti aradan qaldırılıb. Artıq vətəndaşlar hər hansı bir məhdudiyyət olmadan istənilən istiqamət üzrə səfərlər edə bilərlər.

Qarabağa avtobus marşrutlarının təşkil olunması ilə bağlı “Şərq”ə danışan millət vəkili Cavid Osmanov deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi və düşünülmüş siyasəti nəticəsində müharibə bitəndən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılıb. Deputat vurğulayıb ki, dövlət siyasətinin əsas istiqamətlərindən biri həmin ərazilərin yenidən qurulması və bərpasıdır: 

“Müharibə bitdikdən dərhal sonra ilk növbədə təhlükəsizlik məsələlərinin həll edilməsinə başlanıldı. Bildiyiniz kimi, işğal dövründə ermənilər tərəfindən ərazilərimizdə minlərlə mina basdırılıb. Həmin ərazilərin bir hissəsində minalar təmizləndikdən sonra orada infrastruktur layihələrinin həyata keçirilməsinə şərait yaradıldı. Azad edilən ərazilərdə indiyə qədər aparılan yenidənqurma və bərpa işlərinin miqyasına baxdıqda görərik ki, müharibələrdən çıxmış ölkələrin heç birinin tarixində belə qısa müddət ərzində bu qədər böyük işlər görülməyib. Azərbaycan bütün bu işləri öz hesabına həyata keçirir. Bu, bir daha Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir və düzgün qurulmuş strategiyanın, yürüdülmüş siyasətin məntiqi nəticəsidir”. 

Parlament üzvü qeyd edib ki, 30 illik həsrətə son qoyulduqdan sonra təbii olaraq hər bir Azərbaycan vətəndaşı işğaldan azad olunmuş ərazilərimizə səfər etmək arzusundadır: 

“Hələlik səfərlər Şuşa və Ağdamadır, amma yaxın dövrdə işğaldan azad edilmiş digər rayonlarımıza da mütəmadi avtobus reysləri açılacaq. Səfərlərin həftədə 2 dəfədən 3 dəfəyə qaldırılması və “ildə bir dəfə” məhdudiyyətinin aradan qaldırılması çox müsbət qərardır. Bu cür səfərlər Qarabağa “Böyük Qayıdış”ın mühüm tərkib hissəsi və başlanğıcıdır. Respublikanın başqa bölgələrindən olan vətəndaşlarımızın Şuşa və Ağdama səfərlərinin təşkil edilməsi təqdirəlayiqdir. Müraciətlərin çoxluğu onunla bağlıdır ki, insanlar 30 il həsrətində olduqları torpaqlara sadəcə bir dəfə getməklə kifayətlənmirlər. Bu baxımdan səfərlərin həftədə üç dəfə olması və “ildə bir dəfə” limitinin aradan qaldırılması müsbət qərardır”.